Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib. Bu barədə Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir.Qəbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun baş qərargah rəisi general-leytenant Kərim Vəliyev və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdədir.
Görüş barədə fikirlərini “Sherg.az”la bölüşən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycanla hərbi sahədə ilk əməkdaşlıq edən dövlət Türkiyədir.
Professor qeyd edib ki, xüsusilə 2008-ci ildən sonra iki ölkə arasında hərbi əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu:
“Türkiyə Azərbaycan Ordusunun NATO standarları səviyyəsində hazırlanmasını üzərinə götürdü. 44 günlük müharibə vaxtı qardaş ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bütün dünyaya bəllidir. Müharibədən sonra iyunun 15-də “Şuşa Bəyənnaməsi” qəbul olundu. Bununla da konkret olaraq hərbi sahədə strateji əməkdaşlıq gündəmə gəldi.
Türkiyə Prezidentinin Zakir Həsənovla Kərim Vəliyevi qəbul etməsi məhz bu günə qədər Ərdoğan və İlham Əliyev cənabları tərəfindən yaradılmış siyasi bazanın üzərinə idi. İki dövlət başçısını razılaşdırdığı və hələki cəmiyyətə çox məqamların elan olunmadığı şəraitdə hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir. Ona görə də Azərbaycan və Türkiyə müdafiə nazirlərinin səfərləri və görüşləri intensivləşib. Açığı, keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov bu işlərə kifayət qədər mane olurdu. Amma K.Vəliyevin vəzifəyə təyin olunması sözügedən məsələləri yenidən canlandırdı. K.Vəliyev öz işini bilən adamdır. O, Türkiyə-NATO standarlarından xəbərdar olan peşəkar generallarımızdan biridir”.
C.Nuriyev onu da diqqətə çatdırıb ki, Ərdoğanın Z.Həsənovla K.Vəliyevi qəbul etməsi sıradan bir məsələ deyil:
“Çünki görüşdə Türkiyə müdafiə naziri və Baş Qərargah rəisi də iştirak edirdi. Azərbaycan Türkiyə ilə yalnız quru qoşunları deyil, Xəzərdə dəniz qoşunları ilə də təlimlər keçirildi. Kimlər bu təlimdən narahat olursa, bu onların problemidir.
Bu gün Bakının azad olunmasının 103 illiyinə həsr olunan hərbi tədbirlər də göstərdi ki, Azərbaycan ilk dəfədirTürkiyə ilə birgə belə yüksək səviyyədə tədbir keçirdi. Bu tədbirə nəzər yetirərkən qürurlanmamaq mümkün deyi. Ordumuzun peşəkar səviyyədə qurulmasında Ali Baş Komandanın rolu danılmazdır. İlham Əliyev modern siyasətçilərdəndir. O, ilk öncə öz işlərini görür və bu barədə sonra məlumat verir”.
Yeganə Bayramova