“Şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimat mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib.
Onun sözlərinə görə, bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır:
“Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır.
Gələcək perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişə gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslərin də məlumatlarının sistemləşdirilməsi nəzərdə tutulur”.
O qeyd edib ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir:
“Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu portalın fəaliyyəti də şəhidlərimizin ailə üzvləri ilə sıx əməkdaşlıq formatında qurulacaq, hər bir şəhid haqqında məlumatlar dəqiqləşdiriləcək, portal onların təqdim etdiyi məlumatlarla daha da zənginləşdiriləcək”.