ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: Ermənistanın artan nifrət hissi hələ də səngiməyibRobert Cekuta
"Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayında Azərbaycan və Ermənistan dövlət başçılarının razılaşdırdıqları atəşkəs iki Avropa dövləti arasında gedən qızğın müharibəni dayandırmış olsa da, bu ölkələrin hərbi qüvvələri hələ də bir-birinin ölkə sərhədlərini pozmaqda davam edirlər".
"Report"un xəbərinə görə, bunu "Xəzər Siyasət Mərkəzi"nin Məşvərət Şurasının üzvü, ABŞ-nın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta "Amerika Azərbaycanla Ermənistan arasındakı qeyri-sabit sülhü möhkəmləndirə bilər" adlı məqaləsində bildirib.
Onun sözlərinə görə, imzalanmış müqavilə silahlı qüvvələrin bir-birinə atəş açmasının qarşısını ala bilmir və üstəlik, Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın ətraf ərazilərini işğal etdiyi onilliklər ərzində artan nifrət hissi hələ də səngiməyib: "Azərbaycan onilliklər ərzində Ermənistanın işğalı altında qalmış Ağdamın və digər şəhərlərin, demək olar ki, tamamilə dağıdıldığını və əhalisinin didərgin düşdüyünü göstərir; Ermənistan isə bu yaxınlarda "Beynəlxalq Ədalət Məhkəməsi"nə müraciət edərək, rəsmi Bakını dövlət tərəfindən maliyyələşdirilən "etnik və ya milli mənşəli ermənilərə qarşı" yönəlmiş proqramların icrasında və bununla da, Bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanı pozmasında ittiham edir".
Sabiq səfir qeyd edib ki, bu atəşkəs Rusiya qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinin əsasını qoyub və Rusiyanın Ermənistanda mövcudluğunu artırıb: "Hələ də davam edən düşmənçilik və münaqişənin həllində irəliləyişlərin əldə olunmaması, Rusiyanın maraqlarına xidmət edir. Sirr deyil ki, Rusiya keçmiş Sovet İttifaqına daxil olan dövlətlər üzərində öz nəzarətini gücləndirmək, ABŞ-nı diskreditasiya etmək, qanunlara əsaslanan beynəlxalq asayişi pozmaq və öz qlobal statusunu möhkəmləndirmək məqsədi ilə periferiyasındakı ölkələrin daxilində və həmin ölkələr arasında baş verən münaqişələrdən istifadə edir və hətta bu münaqişələri stimullaşdırır. Ukraynada, Moldovada, Gürcüstanda və digər ölkələrdə olduğu kimi, Rusiya Azərbaycanla Ermənistan arasındakı münaqişədən də öz mənafeyinə uyğun istifadə edib və istifadə etməkdə də davam eləyir.
Bundan əlavə, ABŞ liderlərinin Rusiya, Çin və İranın ambisiyalarının məhdudlaşdırılması haqqında səsləndirdikləri fikirlərə rəğmən, regiondakı rəsmi şəxslər, alimlər və ictimai xadimlər dönə-dönə təkrarlayırlar ki, ABŞ-a ehtiyac olsa da, onun mövcudluğu görünmür. Regionda bir çoxları bildirirlər ki, Moskva ilə əməkdaşlıq etməkdən başqa çarələri yoxdur. Bu vəziyyət çox davam edə bilməz".