Azərbaycanın xaricdə layiqli təmsilçisi - Raymonda Xıdır-zadə

Bu gün xaricdə vətənimizi layiqincə təmsil edən şəxslər haqqında mətbuat və sosial şəbəkələrdə məlumatları izləyirik. Onların hər bir uğruna sevinir və qürur hissi keçiririk. Uğurlarını öz uğurumuz kimi qəbul edirik. Belə böyük uğurlara imza atmış şəxslərdən biri də  Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatı laureatı Raymonda Xıdır-zadədir.
 
Azərbaycan oxucularına Raymonda xanımla müsahibəni təqdim edirik.
 
- Raymonda xanım, xahiş edirik, öncə oxuculara özünüz haqqında məlumat verəsiniz.
 
- 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşam. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci  ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən Azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışam. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin umumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında  elmi işçi vəzifəsində çalışmışam. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişəm. 2004-cü ilə qədər BDU-da mex-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasinda mühazirə və seminarlar aparmışam.
 
- Raymond-Art floristika və dizayn studiyası haqqında nə deyə bilərsiniz? Bildiyim qədər siz ciddi və önəmli layihələrə imza atmısınız. Bu barədə nə deyə bilərsiniz?
 
- 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyamı təsis etmişəm. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə (Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıyam. Bakı şəhərindəki layihələrdən:
 
2008-2010-cu illərdə ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri Heydər parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı;
həmin illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi;
 
yenə həmin illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı;
 
Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi;
 
Fəxri Xiyabanda Ulu Öndərin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi;
 
Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s. parklarının, həmin illərdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Bakı şəhərinin əsas prospekt və küçələrinin dekorativ-bayram  tərtibat layihələrinin dizayner-rəssamı;
 
2013-cü ildə Türkiyədə Ataturk parkında keçirilən “Çiçək Fuarı”nda Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş layihənin dizayner rəssamı və icraçısı;
 
2010-2016-cı illərdə Turkiyənin Antalya şəhərində 6 illik Expo-2016 Çiçək Fuarı Beynəlxalq layihənin dizayner-rəssamı;
 
2010-2013- cü illərdə Moskva ətrafında 100-ə qədər şəhər parklarının landşaft dizayneri.
 
- Bildiyimiz qədər bir müddətdir ki, İtaliyada fəaliyyət göstərirsiniz...
 
- 2006-2016-cı illərdə studiya Bakıda və 2016-cı ildən bu günə qədər İtaliyanın paytaxti Roma şəhərində fəaliyyət göstərir. 2017-ci ildə Roma Dovlət Universitetində “Çiçəklərlə rəsm” mövzusunda disertasiya işinə başlayıb 2019-cu ildə müdafiə etmişəm. Disertasiya mövzumun praktik tətbiqi Roma şəhərinin məhşur, tarixi meydanlarından biri olan  “İspaniya meydanı”nda olub.
 
- Digər ölkələrdə təhsil almısınızmı?
 
- Peşəkarlıq səviyyəmin inkişafı üçün landşaft dizaynı, floristika, dekorasiya və mozaika üzrə London, Roma, Amsterdam, Berlin, İstambul, Antalya, Moskva, Sankt-Peterburq şəhərlərində ixtisas dərsləri almışam.
 
- Bir sıra nüfuzlu təşkilatların və mükafatların da qalibisiniz...
 
- Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasınin “Əsrin keyfiyyəti” beynəlxalq  mükafatinin laureatina layiq görülmüşəm.
 
2011-2013-cü illərdə Moskva şəhərində Rusiya Rəssamlıq Akademiyasının, Rusiya Mədəniyyət Nazirliyinin, Beynəlxalq Dizaynerlər İttifaqının təşkilatçılığı ilə keçirilən “Qrani bolşoqo qoroda” 3 illik silsilə layihənin 1-ci yer və qızıl medal mükafatçısıyam.
 
2012-ci ildə Moskva Rəssamlıq Akademiyasının sərgi salonunda fərdi sərgi və 30-a qədər Beynəlxalq sərgilərin iştirakçısı və s.
 
Elnur Eltürk