Dövlət başçısı: "Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir"


"Bəli, biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

"Lakin, biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə, Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək", - Prezident vurğulayıb.