Ərdoğan türk hərbçilərinin hələ Qarabağda qalmasını istəyir

Türkiyə rəhbərliyinin bu qərarı o deməkdir ki, qardaş ölkə hərbi məsələlərdə daim Azərbaycanın yanında yer alacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi. Öz növbəsində Türkiyə hərbiçiləri də atəşkəsə nəzarət üçün Monitorinq Mərkəzini Ağdamda yerləşdirmişdi. 

Türkiyə hərbçilərinin sayı Rusiya sülhməramlıları qədər olmasa da, nəticə etibarilə Ankaranın Qarabağda hərbi varlığının olması özlüyündə mühüm amildir. Prinsip etibarilə, Türkiyə Prezidenti qanun layihəsini parlamentə təqdim etməyə də bilərdi. Lakin o, bu addımı ilə Türkiyə hərbçilərinin Qarabağda qalmasını istədiyini bir daha göstərmiş oldu. Görünür, Ərdoğan bu vəziyyətin dəyişməsini istəmir.

 Heç şübhəsiz, Ərdoğanın parlamentə təklif etdiyi bu qanun layihəsi böyük səs çoxluğu ilə qəbul ediləcək. Hazırda Türkiyə parlamentində 600 yerin 287-si hakim AKP partiyasına məxsusdur. Layihənin qəbul edilməməsi üçün qalan 313 yerə sahib müxalifət nümayəndəsinin birmənalı şəkildə qanun layihəsinin əleyhinə qərar verməsi lazımdır. Bu isə mümkünsüz görünür. Ümumən, Türkiyə parlamentində hazırda Azərbaycan lehinə irəli sürülən qanun layihəsinə “yox” deyəcək siyasi partiya yoxdur. Sadəcə, Xalqların Demokratik Partiyası (HDP) kimi tərkibində erməni millət vəkilləri olan və erməni maraqlarını prioritet sayan partiya qanun layihəsinin əleyhinə səs verə bilər. Ekspertlərə görə, Türkiyənin Qarabağda hərbi mövcudluğunun olması Bakı üçün hər zaman məqbuldur. Azərbaycan onsuz da uzun illərdir Rusiyaya alternativ və tənzimləyici amil olaraq Türkiyənin Qarabağda və ya ən azından ölkə daxilində hərbi qüvvəsinin olmasını istəyib. Təsadüfi deyil ki, 10 noyabr bəyanatı imzalanarkən bu məsələ də öz əksini tapdı və Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradıldı. Bu fakt özlüyündə Bakının Kremllə birlikdə Ankaranın da Qarabağ prosesində olmasını arzuladığını göstərir. 

Türkiyədə yaşayan azərbaycanlı alim, “Sütçü İmam” universitetinin professoru Toğrul İsmayıl “Şərq”ə açıqlamasında deyib ki, Ərdoğanın türk hərbçilərlə bağlı qanun layihəsini parlamentə təqdim etməsi normal prosedura əsaslanır. 

Professor xatırladıb ki, Suriya və İraq məsələlərində də Türkiyə hərbçilərinin Yaxın Şərqdə qalması müddəti Məclis tərəfindən uzadılmışdı: “Türkiyə Silahlı Qüvvələrinin Qarabağda daha çox qalması, müəyyən olunmuş vaxtın uzadılması çox mühüm məsələdir. Türkiyə rəhbərliyi bu addımı ilə bir daha nümayiş etdirir ki, hər zaman Azərbaycanın yanında olacaq. Bu, beynəlxalq əhəmiyyətli qərardır. Monitorinq Mərkəzində Türkiyənin təmsil olunması Rusiyadan qaynaqlanan istənilən fəsadın önünü almaq üçün bir əngəl, maneə rolunu oynayır. Ərdoğanın məlum addımı sadəcə Ermənistan və Rusiyaya deyil, bütün dünyaya mesajdır. Türkiyənin hərbi baxımdan daim Azərbaycanın yanında yer alacağının göstəricisidir. Bununla Azərbaycan-Türkiyə əlaqələrinin, o cümlədən hərbi əməkdaşlığın daha dərin olduğu vurğulanır. Şuşa Bəyannaməsinə görə, iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığın strateji müttəfiqlik müstəvisinə çıxarılması nəzərdə tutulur. Xüsusən, Qarabağ məsələsində ortaq hərəkət edilməsi əsaslı şəkildə qeyd olunur”.