10 Noyabr bəyanatı:“Azərbaycan Qafqaza yeni dizayn verir”

“Ölkəmiz dünyaya açılan bir dövlət kimi tək Qafqazın yox MDB məkanının mühüm faktoruna çevrilir”


Ötən gün 10 Noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında  imzalanmış üçtərəfli bəyanatın bir ili tamam oldu. Bu  bəyanata əsasən İkinci Qarabağ müharibəsindən qalib ayrılan Azərbaycan üç rayonun itkisiz, qansız qaytarılmasına, Zəngəzur koridorunun açılması üçün imkan yaradılmasına ən əsası Ermənistanın kapitulyasiyasına nail oldu. Maraqlıdır bu bəyanatın tarixdə mövcud olan digər kapitulyasiya aktlarından fərqi nədir?Bəyanat rəsmi Bakının gələcək taleyinə hansı üstünlüklər vəd edir?

Mövzunu “Sherg.az”a şərh edən siyasi elmlər namizədi, politoloq  Cümşüd Nuriyev məlum bəyanatın tarixdə analoqu olmadığını bildirib:

 “Adətən kapitulasiya aktları ikitərəfli olur. Və bu aktlar müharibədən sonra danışıqlardan alınır. Amma Azərbaycan ilk dəfədir ki, məhz müharibənin gedişi dönəmində belə bir aktın imzalanmasına nail ola bildi. Burda üçüncü tərəf kimi Rusiyanın iştirakı da bir yenilikdir. Rəsmi Moskva da Ermənistanın kapitulasiya etdiyini qəbullandı. Bu sazişin əhəmiyyətli tərəflərini saymaqla bitməz. Ən böyük siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bir dövlət kimi öz siyasi gücünü , iradəsini ortaya qoydu. 200 ildən sonra Azərbaycan itirilmiş torpaqlarının böyük qismini qaytara bildi. Bundan başqa, rəsmi Bakı yeni müharibə taktikasını gündəmə gətirdi, hərbi qüdrətini göstərdi. Azərbaycan prezidenti Azərbaycan ordusu və Azərbaycan xalqının birliyini göstərdi”.  

Ekspertin sözlərinə görə müharibədən sonra Azərbaycan dövlətçiliyində yeni bir məsələ gündəmə gəlib:

“Bu dövlətin resurslarının onun ərazi bütövlüyünün bərpası üçün istifadə olunmasıdır. Azərbaycan 10 Noyabr sazişindən sonra Qafqazın düzənini, Qafqazdakı siyasi oyunçuları dəyişdi. Eyni zamanda Qafqazın yeni dizaynını formalaşdırmaq mövzusunu gündəmə gətirdi. Əgər indiyə qədər Azərbaycan burda ancaq tranzit bir ölkə idisə, bundan sonra tranzit ölkədən ixrac edən ölkəyə çevrildi. Burda Zəngəzur dəhlizinin açılması gündəmə gəlir. Üçtərəfli bəyanatda bu məsələ də öz əksini tapıb. Bu o deməkdir ki, Azərbaycan öz Naxçıvanı ilə 103 ildən sonra birləşir. Türkiyə ilə torpaq əlaqəsi olur. Gələcək bütün türkdilli dövlətlərin toplusu yaranır. Azərbaycan dünyaya açılan bir dövlət kimi tək Qafqazın yox MDB məkanının mühüm faktoruna çevrilir. Bu bəyanatın müsbət mənəvi və ideoloji tərəflərini saymaqla bitməz. Azərbaycan bütün cəbhələrdə qələbə qazandı. Bu qələbə bizə çox lazımlı idi. Tapdalanmış qürurumuz ayağa qalxdı, millətə, vətənə qarşı sevgi yüksəldi, bayrağımıza qarşı içimizdə böyük bir rəğbət yarandı. Bundan sonra Azərbaycana hər hansı bir dövlət dirsək göstərsə, xalq yumruq kimi bir olub, onu əzməyə qadirdir. Bütün bunlar 10 Noyabr sazişindən sonra gündəmdə olan vacib məqamlardır”. 

Politoloq ölkəmizdə bu sazişdən sonra dövlətə inamın yüksək dərəcədə artdığını vurğulayıb:

“Məşhur Çin filosofu var  Lao Tszı. İdarəetmə nəzəriyyəsinin yaradıcılarından biridir. O,  deyib ki , dövlətin əsas funksiyaları əhalinin müdafiə qabiliyyətini təşkil etmək, onun sosial məsələlərini həll etmək bir də əhalinin ona olan inamının təmin edilməsidir.10 Noyabr bəyanatı ilə dövlətin əhalinin təhlükəsizliyini təmin etməsi baxımından çox ciddi bir addım atıldı, eyni zamanda, Azərbaycan xalqının iqtidarına olan inamı möhkəmləndi. Bundan öncə yaranmış müəyyən inamsızlıq aradan qaldırıldı”.