Çox gözəl bir yol:Türk dövlətlərinin birgə evi qurulur

Azərbaycan bölgə, Türkiyə isə dünya gücünə çevrilir

 İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı öz işinə başlayıb. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak edib.

 Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Çıxış zamanı o Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edib, Qarabağda işğala son qoyulmasının bütün Türk dünyası üçün əhəmiyyətini qeyd edib. 

Zirvə görüşünün tarixi önəmindən danışan "Milli Dirçəliş Hərəkatı Partiyası”nın sədri, sabiq millət vəkili Fərəc Quliyev "Şərq"ə bildirib ki, bu, türk dünyası üçün çox əhəmiyyətli bir hadisədir: 

“Son zamanlar dünya düzənində bir çox məsələlər dəyişdi. Və əsasən post-pandemiya dövründə gözlənilirdi ki, dünya düzənində yeni konstruksiya olacaq.  Azərbaycan artıq bölgə gücünə, Türkiyə isə dünya gücünə çevrilib. Qarabağdakı zəfərimiz də bu proseslərə xeyli sürət verdi. Məsələ burasındadır ki, Azərbaycan da, Türkiyə də uzun illərdir ki, təmsil olunduqları beynəlxalq qurumlarda heç bir doğmalıq görmədilər. Azərbaycan 30 il ATƏT-in Minsk qrupu tərəfindən süründürüldü. BMT 4 qətnaməsinin həyata keçirilməsi istiqamətində heç bir addım atmadı. Türkiyə uzun illər Avropa Birliyinin qapısında dayandı. Müxtəlif bəhanələrlə onu ora buraxmadılar. Hətta bəyan etdilər ki, bura bir xristian  klubudur. Nəhayət, çox gözəl bir yol tapıldı ki, Azərbaycan və Türkiyə məhvərində olmaqla Türk dövlətlərinin birgə evi yaradılsın. Hələ 1998-ci ildə yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və roluna dair bir kitab yazmışdım. Orda Turan blokunu modelləşdirdim. Bildirdim ki, Avropa dövlətləri xristian dəyərlərinə, Roma da yunan fəlsəfəsinə söykənən bir ev qurub. Biz niyə ora girməyə çalışmalıyıq? Türk dünyasının da 300 milyonluq bir türk zolağı var. İslam ənənələrinə və türk ənənələrinə söykənən bir ev qurulsun”. 

Sabiq millət vəkili hazırda təhlükəsizliyimizi təmin etmək üçün bir Turan qurmaq yolunda addımladığımızı vurğulayıb: 

“Bu çox doğru yanaşmadır. Heç bir ölkəni təhdid edən bir məsələ də deyil. Türk cumhuriyyətləri özünün iqtisadi, siyasi, hərbi təhlükəsizliyini təmin edir. Bu, həm də bölgədə əməkdaşlıq üçün yaxşı şərait yaradır. Zəngəzur dəhlizi açılandan sonra qərb-şərq dəhlizi üzrə həm türk dövlətləri, həm də Avropa dövlətləri bundan yararlanacaq. Azərbaycan və Türkiyə bütün düşmənlərindən qorunmaq üçün resurslarını birləşdirdi, onlara digər türk dövlətləri  Macarıstan da qoşuldu”. Sonda Fərəc Quliyev bundan sonra bu nəhəng birliyin özünün bütün sahələrdə təhlükəsizliyini təmin edə biləcəyini diqqətə çatdırıb.