“Düşmənin bir  daha başını əzmişik”

“Beləcə düşmən öz məqsədinə nail olmayıb itkilərə məruz qalaraq geri çəkilib”

 “Sülhməramlı qüvvələrin qarşısında daha ciddi tələblər qoymağın vaxtıdır”

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin demarkasiya, delimitasiya məsələləri üzrə komissiyaların yaradılıb praktiki işə keçid məsələsi də gündəmdə olmalıdır”


2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədiblər. Məqsəd dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək olub. Qeyd edək ki, bu təxribat əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb. 

Azərbaycan Ordusu qarşıda duran vəzifələri tam icra edib, ərazi itkisi yoxdur, bütün strateji yüksəkliklər və məntəqələr nəzarətimizdədir. Bundan başqa əlavə edək ki, 16 noyabrda sərhəddə baş vermiş döyüşlər noyabrın əvvəlindən başlayan və 2020-ci ili  Tovuz hadisələri ssenarisini xatırladan təxribatların nəticəsidir. Buna əyani fakt olaraq 8 noyabr Zəfər bayramı zamanı Şuşa ətrafında təxribat, noyabrın 9-u ordumuzun Kəlbəcərdəki mövqelərinə yol çəkən mühəndis texnikalarının atəşə tutulması, həmin gün Qaragöl ətrafında 60 hərbçinin post qurmaq cəhdi və s. təxribatları göstərə bilərik. 

Yada salaq ki, Azərbaycan Müdafiə Nazirliyi ayın 10-da xəbərdarlıq etmişdi ki, təxribatlar təkrarlansa, daha sərt və təsirli tədbir görüləcək. Amma təxribatlar davam etdi. Noyabrın 13-də Şuşa yaxınlığında qumbara ilə terror aktı, 14 və 15 noyabrda Kəlbəcərdəki mövqelərimizin Ermənistan ərazisindən atəşə tutuldu.

Nəhayət, bütün bunların məntiqi nəticəsi - noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat baş verdi. Buna rəğmən bütün bu təxribatlar və avantüra iflasa uğradı. Azərbaycan ordusu revanşist qüvvələrin cavabını verdi və bir daha göstərdi ki, Azərbaycan regional təhlükəsizliyin təmin edən ölkədir.  
Qeyd edək ki, Ermənistanın son təxribatı zamanı ağır silahlardan istifadə olundu. Belə toqquşmalarda itkilərə yol verməmək olduqca çətindir, praktiki cəhətdən mümkün deyil. Hərbi əməliyyatlar zamanı Azərbaycan  tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb. Ermənistan tərəfi 20-dən artıq canlı qüvvə itkisi verib, 40-dan artıq hərbçi yaralanıb, xeyli sayda silah sursat onlardan qənimət götürülüb. Ermənistan növbəti dəfə Azərbaycandan dəfələrlə çox itki verdi.

Mövcud durumu və bundan sonrakı prosesləri barədə “ Sherg.az”a danışan  hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirib ki, son günlər atəşkəsin ciddi şəkildə pozulmasının Azərbaycan tərəflə əlaqəsi yoxdu: 

“Hazırda Azərbayacan bu istiqamətdə  lazım olan bütün tədbirləri görür. Rəsmi Bakı sadəcə düşmənin hücumlarını dəf edir. Dünən döyüşlər gedib. Bu zaman döyüş təyyarələrindən başqa, demək olar, bütün vasitələrdən istifadə olunub. Əlbəttə, belə olduğu halda hər iki tərəfdən itkilərin olması gözlənilən bir haldır. Azərbaycan tərəfi yeddi şəhid verib. Allah onlara rəhmət eləsin. Yaralılara şəfa diləyirəm.  Görülən tədbirlər nəticəsində biz qarşı tərəfə layiqli cavabı vermişik. Cənab prezidentin sözləri ilə desək, düşmənin bir  daha başını əzmişik. Beləcə düşmən öz məqsədinə nail olmayıb itkilərə məruz qalaraq geri çəkilib”. 

Hərbi ekspert hazırda müharibə şəraitində yaşadığımızı və  Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin olmadığını diqqətə çatdırıb:

“Bu o deməkdir ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü hələ də tanımır. Belə olduğu təqdirdə təxribatların olması da istisna deyil. Azərbaycanın Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin başçıları, Ali Baş Komandan tərəfindən ehtiyac yarandıqda lazım olan göstərişlər verilir. Bundan sonra da döyüşlərdən irəli gələn əlavə tədbirlər də görüləcək. Rəsmi Bakı üçün hazırda bir məhdudiyyət var: o da sərhəddi keçib Ermənistan ərazisinə keçə bilməməsidir. Əvvala bunda marağı yoxdur, daha sonra bu addım rəsmi İrəvan üçün fürsətə çevrilə bilər. Azərbaycan o tərəfə addım atsa, rəsmi Moskva və rəsmi İrəvan arasındakı sazişə əsasən Rusiya bu prosesə müdaxilə etməli olacaq. Belə olduqda Ermənistan öz niyyətinə çatacaq. Bütün bunları nəzərə alan Azərbaycan Silahlı Qüvvələri sərhəd boyu ərazilərdə lazım olan tədbirləri görür istənilən təxribata qarşı adekvat cavab verir.

Ümumiyyətlə, son günlər baş verən təxribatlar silsilə şəkildə həyata keçirildi. Biz bu il 44 günlük Qarabağ savaşının  zəfər ildönümünü qeyd etdik. Bunlar hamısı göstərdi ki, revanşist qüvvələr də ildönümünə özünəməxsus şəkildə “hazırlaşıblar”. İki tərəf arasında yaxın zamanlarada danışıqlar olmalı yeni sənədlərə imza atılmalı  idi. Bu prosesə mane olmaq üçün də təxribatlardan istifadə edildiyi görünür”.

 Hərbi ekspert Azərbaycan tərəfin bundan sonra sülhməramlı qüvvələrin qarşısında daha ciddi tələblər qoymağının vacibliyini vurğulayıb: 

“Bu halda onlar nəzarəti daha da gücləndirərlər. Azərbaycan ərazisində olan qanunsuz silah daşıyanları tərki-silah edərlər. Və əlbəttə, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin demarkasiya, delimitasiya məsələləri üzrə komissiyaların yaradılıb praktiki işə keçid məsələsi də gündəmdə olmalıdır”.