"Qərb "altılıq platforması"nı istəmir


Ona görə Gürcüstan bu təşəbbüsə qoşulmaqdan vaz keçib

Gürcüstan "altılıq platforması" təşəbbüsündə iştirak edə bilməyəcək. Bunu Gürcüstan Baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani Gürcüstan parlamentinin “Nazir saatı” formatında çıxışı zamanı deyib. O bildirib ki, məsələ ilə bağlı Gürcüstanın mövqeyini türkiyəli, azərbaycanlı və ermənistanlı həmkarları ilə keçirdiyi görüşdə aydın şəkildə səsləndirib. “Son zamanlar kifayət qədər aktiv şəkildə səsləndirilən “3+3” təşəbbüsü və Gürcüstanın bu formatda mümkün iştirakı ilə bağlı mənim türkiyəli tərəfdaşlar, həmçinin azərbaycanlı və ermənistanlı həmkarlarımla görüşüm olub. İran xarici işlər nazirinin Gürcüstana səfəri zamanı da biz bu məsələni müzakirə etdik.

Biz bu layihədə iştirak edə bilməyəcəyik. Bu, geosiyasi layihədir. Amma Gürcüstan heç vaxt aqressiv ölkənin də iştirak etdiyi hansısa toplantıda və ya qrupda iştirak etməyəcək. Mən bu fikirləri Türkiyə, eləcə də Ermənistan tərəfi ilə görüşlərim zamanı kifayət qədər ucadan səsləndirmişəm”,- deyə D.Zalkaliani bildirib.

Mövzu ilə bağlı politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Gürcüstan eyni vaxtda həm Qərblə, həm də Rusiya ilə balansı qorumağa çalışır. Analitik qeyd edib ki, 2008-ci il müharibəsindən sonra Gürcüstan özünü Qərb ailəsinin bir üzvü sayır: 

“Avroatlantik məkana inteqrasiya edir və Gürcüstan düşünür ki, gələcəkdə o, NATO ailəsinin və Qərb Atlantik ailəsinin bir üzvü olacaq. Yəni ümumi istiqamət budur. Amma bilirsiniz ki, İvanişvili Rusiya ilə müəyyən əlaqələri olan bir şəxsdir. O da eyni vaxtda ölkənin Rusiya ilə problemlərinin olmamasının və Rusiya ilə yaxınlaşmağın tərəfdarıdır. Amma bundan başqa Gürcüstanın Qərbə verdiyi sözlər də var. ABŞ  Gürcüstanın hətta NATO üzvlüyü məsələsinə də irəliləyişin olacağı tərəfdarı kimi çıxış edir. Burada altılıq formatını isə Gürcüstan Rusiyanın olduğu bir format kimi görür və əlbəttə ki, Rusiyanın olduğu formatda Gürcüstan iştirak edə bilməz. Bunu Gürcüstan xalqına izah da edə bilməzlər. Çünki Gürcüstanda Rusiyaya düşmən münasibət hökm sürür. Gürcüstan yeni seçkidən çıxıb, üstəlik, Avropa İttifaqının və Qərbin müəyyən təzyiqləri var. Belə bir halda Gürcüstanın iştirakı düşünülə bilməzdi. Anlaşılan odur ki, Qərb bunu birmənalı olaraq istəmir, buna görə də belə formatda Gürcüstan açıq şəkildə iştirak edə bilməyəcək”.