Azərbaycanın da haqqı var


Əlbəttə, Avropa İttifaqı işğaldan azad olunan ərazilərə maliyyə yardımı ayırmalıdır

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun rəhbəri vəzifəsini icra edən Maçye Popovski ilə görüşü baş tutub. Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə Görüşü ərəfəsində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakı, habelə Aİ rəsmiləri ilə keçirilmiş ikitərəfli görüşlərinə istinad edib, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.

M.Popovski Bakıda keçirdiyi görüşlərdən, habelə təşkil olunan “Qarışıq Maliyyə” təlimindən məmnunluqla bəhs edib. Bu tədbirin əməkdaşlıq münasibətləri çərçivəsində mövcud olan və hələ ki istifadə edilməyən potensialın müəyyən olunması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Tərəflər, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesi çərçivəsində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsini müzakirə ediblər.

 Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun qurulması, yeni layihələrin həyata keçirilməsi üçün yeni işlərə başlanılıb. Politoloq qeyd edib ki, Avropa İttifaqı da bu istiqamətdə Azərbaycana maliyyə yardımı etməlidir: 

“Avropa İttifaqı Gürcüstana və Ermənistana şərq tərəfdaşlığı çərçivəsində maliyyə ayırıb, amma Azərbaycana cüzi miqdarda ayırıb. Ona görə də burada ikili standartlara son qoymaq üçün Azərbaycan təbii ki, Avropa İttifaqı ilə danışıqlar aparmalıdır. Təbii ki, Avropa İttifaqının bu istiqamətdə maliyyə ayırması Azərbaycan və Avropa İttifaqında əlaqələrin möhkəmlənməsinə həmçinin, burada rus sülhməramlılarının məsuliyyət zonasında separatizmin daha da arxa plana keçməsinə gətirib çıxaracaq. Ümumiyyətlə, Avropa İttifaqının işğaldan azad olunmuş ərazilərə maliyyə yardımı böyük əhəmiyyət kəsb edir”.