Prezidentlər Bakı-Moskva əlaqələrinin dinamikasından məmnundur

İki dövlət başçısının görüşündə əvvəlcədən planlaşdırıldığı kimi hərbi-siyasi mövzular ağırlıq təşkil edib

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Rusiya rəhbəri vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Putin bəyan edib ki, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: “Biz bunu yəqin ki, hansısa uyğun qaydada qeyd etməliyik”. Rusiya prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Putin biznes-dairələrin iqtisadi marağının olduğunu bildirib: “Pandemiya ilə əlaqədar məhdudlaşdırmalar olmasına baxmayaraq, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Bizim 900 müəssisəmiz Azərbaycanda çalışır, Azərbaycan iqtisadiyyatına 4,5 mlrd. dollar birbaşa Rusiya sərmayəsi qoyulub. Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir”. Putin Qarabağda sülhməramlıların və Rusiya-Türkiyə Birgə Mərkəzinin müsbət rolundan da danışıb. Qeyd edib ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır: “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüf ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”. Rusiya prezidenti Azərbaycanda rus dilinin dəstəklənməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib: “Hər şeydən öncə, mən hər zaman Sizinlə görüşlərimizdə bunu deyirəm, rus dilinin inkişafına və dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. 

Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Bu, yaxşı göstəricidir”. Azərbaycan Prezidenti İlham Əliyev də Putinin və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib. Dövlət başçısı vurğulayıb ki, 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib, döyüş toqquşmaları, ciddi hadisələr olmayıb. Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaların baş verdiyini qeyd edən Prezident bu ərazilərin Rusiya sülhməramlılarının səlahiyyət zonasına aid olmadığını söyləyib: “Lakin bütün bunlar bizi riskləri necə idarə etmək, onları minimallaşdırmaq üzərində işləməklə bağlı məsələləri diqqətlə nəzərdən keçirməyə, o cümlədən üçtərəfli format da daxil olmaqla müzakirələr aparmağa vadar edir. Biz Sizin, Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndələrinin və təbii ki, Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, gələn il bu işdə yaxşı nəticələr əldə edəcəyik”.

Soçidə üçtərəfli görüşdən öncə baş tutan ikitərəfli görüşü “Şərq”ə təhlil edən siyasi şərhçi Aqşin Kərimov deyib ki, görüşün mətbuat üçün açıq olan hissəsində liderlərin ikitərəfli münasibətlərə dair bəyanatları göstərir ki, prezidentlər Bakı-Moskva əlaqələrinin dinamikasından məmnundur. Analitikə görə, görüşdə əvvəlcədən planlaşdırıldığı kimi hərbi-siyasi mövzular ağırlıq təşkil edib: 

“Putin Rusiya sülhməramlıları üçün işğaldan azad edilən ərazilərdə məsuliyyət zonasının yaradılması məsələsinə toxunub və sülhməramlıların rolunu müsbət qiymətləndirib. Ağdamdakı atəşkəsə nəzarət üzrə yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rolunu yüksək qiymətləndirib, ancaq sülhməramlıların nəzarətində olan zonada insidentlərin olduğunu da dilə gətirib. Kreml başçısının bəyanatının mahiyyətində gizlənən budur ki, rəsmi Moskva altında Putinin imzası olan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icrası üçün səylərini intensivləşdirəcək. Ölkə başçısı İlham Əliyev isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ciddi insidentlərin olmadığını deyib. Əslində burada ciddi insident məsələsi sərhədlə müqayisə kontekstində işlədilib. Yəni Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalara nisbətdə sülhməramlıların zonasındakı ərazilərdə böyük toqquşmalar olmayıb. Dövlət başçısının sərhəddəki insidentlərin sülhməramlıların nəzarət zonasında olmayan ərazilərdə baş verməsini xatırlatması da belə deməyə əsas verir.

Ancaq bu o anlama gəlmir ki, Prezident İlham Əliyev Qarabağda insident olmadığını bəyan edir. Çünki ölkə rəhbəri vurğulayıb ki, “Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub, lakin bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil”. Prezidentin “gələn il bu işdə yaxşı nəticələrə ümid edirik” sözləri isə belə qənaət yaradır ki, 2022-ci ildə açıq qalan məsələlərin həllində nəticə əsaslı dönüş yarana bilər”.