Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlər edir - ŞƏRH 

"Bəyanatdan çıxara biləcəyimiz nəticə budur ki, növbəti ayda və növbəti ildə sülhyaratma prosesinin yaranması üçün vacib qərarlar qəbul ediləcək"

"Soçi görüşündə qəbul edilən üçtərəfli bəyanat Azərbaycan və Rusiya prezidentlərinin Ermənistan baş naziri Nikol Paşinyana diktəsinin məzmununu özündə əks etdirir".

Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

























Analitik bildirib ki, Bəyanatın ümumi ruhu 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının məntiqi davamıdır: 

"Həmin bəyanatlardakı öhdəliklərin daha tez bir zamanda yerinə yetirilməsi üçün siyasi bazadır. Üçtərəfli görüşün mətbuata açıq hissəsində yeganə qeyri-konstruktiv mövqe Nikol Paşinyana aid idi. Yenidən hərbi əsir məsələsini gündəmə gətirdi və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətdi. Onun belə açıqlamasını iki müstəvidə şərh etmək lazımdır:  - Ya üçtərəfli görüşün qapalı hissəsində öz mövqeyini sənədə saldırmaq istəyir. Ya da Ermənistan cəmiyyətində özünün “mübariz” obrazını yaradır və olacaqlardan özünü sığortalayır. Yekun bəyanatda isə nə Qarabağ məsələsinə yer verildi (statusa münasibətdə) nə də ki, hərbi əsir mövzusuna. Bu o deməkdir ki, Bakı-Moskva xəttində İrəvana güclü təzyiqlər var. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan ikitərəfli komissiyasının yaradılması məsələsi də sənəddə əksini tapıb".

A.Kərimov qeyd edib ki, Rusiya prosesə forma və ölçü vermək fürsətlərini də əlindən buraxmır: 

"Buna görə də bəyanatda qeyd edilir ki, Rusiya tərəflərin xahişi ilə prosesə yardım edə bilər. Rusiya lideri Vladimir Putin mətbuata birgə bəyanat zamanı dəhliz məsələsinin Azərbaycanın maraqlarına uyğun formada ifadə edilməsinə önəm verdi. Nəqliyyat dəhlizindən danışarkən həm dəmir yolu, həm də avtomobil yolundan bəhs etdi. Bu o deməkdir ki, Rusiya Zəngəzur dəhlizinə dəstək verir və bunun açılması üçün Ermənistana təzyiqlər edir. Bəyanatdan çıxara biləcəyimiz nəticə budur ki, növbəti ayda və növbəti ildə sülhyaratma prosesinin yaranması üçün vacib qərarlar qəbul ediləcək. Bəyanatda tərəflər Rusiya sülhməramlı kontingentinin rolunu qeyd edirlər, bu, daha çox Rusiyanın maraqlarının ifadəsidir. Rusiya sülhməramlı qüvvələri Kremlin bölgədə təsir rıçaqlarını saxlamaq üçün vasitələrdən biridir, Moskva bu alətdən məhrum olmaq istəmir. Ümumilikdə bəyanatı müsbət qiymətləndirmək olar, güman edirəm ki, Azərbaycan tərəfi bu bəyanatın mətnindən razı qalıb".