“Qaraheybət”in qara üzü: "“Qara qutu”da məlumatlar var” - Terror, yoxsa...?!

 ““Qara qutu”dakı məlumatları gizlətmək mümkün deyil. Deşifrə etdikdən sonra əsas səbəblər ortaya çıxır”

“Bunun üçün də zaman lazım olacaq. Hazırda bu mövzuda hansısa qeyri-dəqiq informasiyası çatdırmaq düzgün olmaz”

“ “Qaraheybət” sərhədə yaxın bir yer olmadığından, zənnimcə, bu təxribat deyil”


Hərbi helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlandı. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur. Baş Prokurorluqdan “Sherg.az”a daxil olan məlumata görə, istintaqın hazırki mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır. Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır. Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib. İş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, qəzaya uğrayan hərbi helikopterinin “qara qutu”su tapılıb.

Maraqlıdır, məlum qəzanın eləcə də hərb sahəsində baş verən bu cür helikopter qəzalarının başlıca səbəbləri nələrdir?

 Məsələni ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a şərh edib. O bildirib ki, bunun bir sıra səbəbləri ola bilər: 
“Hava şəraiti, pilotun özünün idarəetməni itirməsi, texniki səbəblər, terror və s. amillər. İndiki halda terror aktı olma ehtimalını istisna edirik. Qalır üç versiya. İstintaq prosesi davam etdiyi üçün bunların da hər biri sadəcə ehtimal oluna bilər”. 
Polkovnik  helikopterlərin “qara qutu”ları haqqında da danışıb: 

“Bu “qara qutu”larda bütün məlumatlar əks olunur. Onları gizlətmək mümkün deyil. Deşifrə etdikdən sonra əsas səbəblər ortaya çıxır. Bunun üçün də zaman lazım olacaq. Hazırda bu mövzuda hansısa qeyri-dəqiq informasiyası çatdırmaq düzgün olmaz”. 

Ş.Ramaldanov dünyada hərb sahəsində baş verən belə məqamlara diqqət çəkib: 

“Elə bir ölkə yoxdur ki onun ordusunda bu cür hallar baş verməsin. “Qaraheybət” sərhədə yaxın bir yer olmadığından, zənnimcə, bu təxribat deyil. Hazırda rəsmi açıqlama olmadan mövzu barədə fikir səsləndirmək çətindir”.
Sonda polkovnik qəzada həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.