Gözlər Brüssel görüşündə:“Orda veriləcək qərarlarla...”

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.Görüşdə bölgədə sabitliyin güclənməsi istiqamətində görülən işlərdən söz açılıb. Qarabağda dinc həyatın bərqərar olması və s. kimi məsələlər müzakirə olunub. Sonda Soçi görüşünün nəticələrinə dair Bəyanat imzalanıb. 

Sənədə əsasən Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə dair razılığa gəlinib. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımların atılması nəzərdə tutulub. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması qərara alınıb. 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirib. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanıb.


Görüşün əhəmiyyətini “Sherg.az”a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov  Zəngəzur koridorunun açılması üçün Moskvada belə bir  görüşün keçirilməsinə ehtiyac olmadığını bildirib:

“Biz görürük ki, Rusiya bölgədə öz varlığını sübut etmək və  bunu Brüssel görüşündən öncə Avropaya eşitdirmək üçün əvvəlcə Azərbaycan-Ermənistan sərhəddində münaqişə yaratdı. Daha sonra güya bu problemləri həll etmək istədiyi üçün tərəfləri Soçiyə dəvət edib. Azərbaycan prezidenti və Erməniatanın baş nazirinə bir zeytun ağacının budağını hədiyyə edərək sülhə çağırıb”. 

Siyasi şərhçi Rusiyanın dondurulmuş münaqişələrdə öz xarici siyasətini yürütmə diplomatiyasına diqqət çəkərək sərhəddə yaranmış qarşıdurmanın məhz  rəsmi Moskvanın “əli” ilə həyata keçirildiyini vurğulayıb: 

“Diqqət etdinizsə, Putin görüşün əvvəlində tərəfləri Moskvaya sərhəddə meydana gəlmiş  gərginliklə bağlı dəvət etdiyini vurğuladı. Bununla Avropaya burda “ev sahibi” Rusiyadır mesajı göndərilir”.

F.Abbasov Ermənistandakı mövcud vəziyyətə nəzər yetirib:

“Orduda  çoxsaylı rusiyayönümlü hərbçi var. Onlar istənilən vaxt  Moskvadan gələn əmrləri  həyata keçirməyə hazırdırlar. Bu Paşinyanın da əlini-qolunu bağlayır. 

Rusiya son  proseslərlə bölgədəki ev sahibliyini xaricdəki Ermənistan havadarlarına o cümlədən Avropaya eşitdirmək istəyir. 

İndi Brüssel görüşünü  gözləmək qalır. Orda veriləcək qərarlarla  Rusiyanın bu siyasətinin nə qədər uğurlu olduğunu görəcəyik”.