İrəvandan gələn siqnal! - “Bu, bizə imkan verir ki, məsələni bitirək”

Ermənistanın Baş Naziri Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənib. O,  “Emənistan” və “Mənim Şərəfim Var” partiyasının üzvlərindən Qubadlı rayonunun rəsmi adına Qubadlı və ya Sansar deməklərini tələb edib:

“Əgər bu rayonun adı Sansardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”.

Son zamanlar Ermənistandan gələn müsbət mesajların arxasında dayanan məqsədləri "sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, müharibədən məğlub ayrılan Ermənistan üçün qeyri-müəyyənlik var:

“Dünyada gedən proseslərdən görsənir ki, bəşəriyyətin gələcəyi dumanlıdır. Böyük güclərin toqquşması insanlarda çaşqınlıq formalaşdırıb. Ukrayna-Rusiya savaşı fonunda Kremlin müəyyən dərəcədə çətinliklə üzləşməsi İrəvanın bel bağlama siyasətində uğursuzluğun olmasını görməsilə nəticələndi. Ona görə də, qarşı tərəfdən pozitiv mesajlar gəlir. Bunların arxasında isə qorxu dayanır. Ermənistanın sülh müqaviləsinin bağlanmasını gecikdirməsi, sərhədlərin müəyyənləşdirilməsində yaratdığı problemlər Azərbaycanın əsəblərini tarıma çəkir. Həmçinin Qarabağdan terrorçuların çıxarılmaması, atəşkəsin tez-tez pozulması dövlətimizin səbr kasasını daşırır. Hazırki məqamda İrəvandan gələn açıqlamalar bizə imkan verir ki, məsələni bitirək. İndiki halda Paşinyanın açıqlaması  həm cəmiyyəti, həm də müxalifəti ciddi şəkildə ram edə bilər”.

Xanlar ƏLİBƏY