Brüssel görüşü nələr vəd edir?- Amerikalı analitik: "Rusiya müdaxilə etmək..."

Aprelin 7- də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. 5 saata yaxın (4 saat yarımdan artıq) davam edən görüşün yekununda  verilən bəyanatda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqların başlanması bildirildi. Hər iki ölkənin Xarici İşlər Nazirliklərinə bu barədə təlimat verilib. Bu, əlbəttə, maraqlarımıza cavab verən nəticə idi. Proseslər rəsmi Bakının xeyrinə davam etməkdədir. Bundan sonrasını isə İrəvan və Moskva düşünməlidir.

Görüş barədə "Şərq" ə danışan amerikalı siyasi analitik Paul Qobl müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib: "Faydalı fikir mübadiləsi ortadadır. Lakin hələ ciddi irəliləyiş gözləmək üçün tezdir. Rusiya hər zaman proseslərə müdaxilə etmək istəyə bilər. Bunun üçün imkanları var. Hərçənd həmin təsir vasitələri çoxlarının güman etdiyindən daha azdır. Bunun əsas səbəbi isə hazırda Ukraynada davam edən savaşdır".