"Ana, mən şəhid oldum" ifasını dinlədi, sonra şəhid oldu - Mərhum komandodan TƏSİRLİ VİDEO

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan əslən Qazax rayon Daş Salahlı kənd sakini, Silahlı Qüvvələrin giziri Kərimov Azad Zakir oğlunun təsirli videosu yayılıb. 

"Sherg.az" xəbər verir ki, qəhrəman Şəhidimizin sözügedən videosu onun telefonundan əldə olunub. Məlumata görə, mərhum sücayətli gizirin mobil telefonu işləmədiyinə görə onu evdə qoyaraq xidmətə yollanıb.

 Bu günlərdə Şəhidimizin dostları həmin telefonu bərpa etdirib, foto və videoları götürməyə nail olublar. Əziz oxucular, məharətli Şəhidimizin həyat kredosu və döyüş yolu ilə bağlı zaman-zaman xəbərlər tirajlanacaq. Unutmayaq, Şəhidlər vurulanda deyil, unudulanda ölürlər. Qəhrəman Şəhidlərimizi daim qəlbimizdə, ruhumuzda, milli yaddaşımızda yaşadaq!  

Qeyd edək ki, Şəhidimiz ailəlidir, iki oğul övladı var. Onu da yada salaq ki, əfsanəvi döyüşçünün həyat yoldaşı 
da şəhid qızıdır. 

Gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Azər Hüseynovun övladıdır. Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-1996-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli olub. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.

Məlumat üçün bildirək ki, gizir Kərimov 44 günlük Vətən savaşında göstərdiyi sücayətə və əfsanəvi qəhrəmanlığa görə, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 5 medalla -"İgidliyə görə" və "Döyüşdə fərqlənməyə" görə və digər medallarla təltif edilib.