Heyif səndən, Azərbaycan sevdalısı!

Arye Qutun vaxtsız vəfatı ölkə ictimaiyyətini dərindən kədərləndirdi

  Azərbaycan sevdalısı, xalqımızın dostu, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru, jurnalist, israilli ictimai xadim Arye Qut vəfat edib. Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Arye Qut İsraildə dünyasını dəyişib. Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi olan Arye Qut Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışıb. 2000-ci ildə İsrailə köçüb. 2007-2009-ci illərdə Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb. 

Bununla yanaşı, o, İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərdən biri kimi tanınıb. İsrailin 9 və 10 televiziya kanallarında müxtəlif dillərdə daimi siyasi şərhçi kimi çıxışlar edib. Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığına, Cənubi Qafqazda geosiyasi vəziyyətə, Ermənistan-Azərbaycan münaqişəsinə aid 700-dən artıq analitik məqalələrin müəllifi idi. Arye Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi. İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri kimi aktiv çalışırdı. 2016-cı ildən isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirdi. 

  Əsl Azərbaycan dostunun vaxtsız ölümü ölkə ictimaiyyətini də dərindən kədərləndirib. Sosial şəbəkələrdə Arye Qutun fotosunu paylaşan tanınmış şəxslər mərhumla bağlı öz təəssüratlarını, düşüncələrini və xatirələrini bölüşüblər. 
  Mətbuat Şurasının sədri Əflatun Amaşov Arye Qutun dünyasını dəyişməsi xəbərindən çox sarsıldığını deyib: "Azərbaycan sevdalısı, əməli fəaliyyəti ilə ölkəmiz üçün çalışan bir şəxsin yoxluğu böyük itkidir. Bu itkinin yerinin doldurulması çox çətin olacaq. Bəlkə də heç olmayacaq. İsrail və Azərbaycan strateji tərəfdaşlığına, Cənubi Qafqazda geosiyasi vəziyyətə, Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə həsr olunmuş yüzlərlə analitik məzmunlu məqalələr, saysız-hesabsız çıxışlar, şərhlər. Arye Qutu xarakterizə edərkən ilk növbədə gözlərimiz önündə canlanan bunlardır. Amma onun gördüyü işlərin miqyası heç də bunlarla məhdudlaşmayıb. 

  Arye Qut Azərbaycan naminə gördüyü işlərə böyük ürək qoyurdu. O ürəyin bir daha döyünməyəcəyini düşünmək ağırdır. Mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verir, kədərlərini və üzüntülərini bölüşürəm. Allah rəhmət eləsin!".

  Millət vəkili Fazil Mustafa fikirlərini bu cür ifadə edib: "Arye Qut Azərbaycan üçün sevgisini fəda edən bir yəhudi balasıydı. Hər məkanda dövlətimizin və millətimizin effektli təbliğatını aparırdı. Ruhu şad olsun. Unutmayacağıq!".
  Diaspora fəalı Elnur Elturk da xəbəri hüznlə qarşılayanlardan olub: "Arye Qut gözəl insan idi. Onunla tanışlığımız 2007-ci ildən başlayırdı. Dünya Azərbaycanlıları Konqresinin ofisində tanış olmuşduq. Azərbaycan diasporunun güclənməsi, Azərbaycan həqiqətlərinin təbliğatı, erməni yalanlarının ifşasında xüsusu rol oynayırdı. Xarici mətbuatda, xüsusilə “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi kimi Qarabağla bağlı analitik yazılarla çıxış edirdi. Azərbaycan-İsrail əlaqələrinin güclənməsinə çalışırdı. Türkiyə-İsrail münasibətləri gərginləşən vaxtlarda da vəziyyətin normallaşması üçün əlindən gələni edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidmətlərinə görə onu "Dostluq" ordeni ilə təltif etmişdi. Ruhun şad olsun, əziz qardaş!". 
  Tanınmış telejurnalist Səadət Məmmədova qeyd edib ki, 2007-ci ildən bəri dostluq etdiyi Arye Qutu hər zaman gülərüz, Azərbaycansevər kimi xatırlayacaq: "Sənin Azərbaycana bağlılığın sözdə deyildi, əməldə idi, ürəkdən gəlirdi. Mən bunun illərlə şahidi olmuşam. Həm diaspor sahəsində, həm də TV-də çalışarkən... Allah sənə son mənzilində rahatlıq bəxş etsin. Nur içində uyu!".
  "YeniÇağ"Media Holdinqin rəhbəri Aqil Ələsgər də bildirib ki, Arye Qut böyük azərbaycanlı, ölkəmizin İsraildəki ən böyük qalası idi: "Uzun zamandan bəri xəstəydi. O, xəstə canı ilə bir an olsun Azərbaycan davası yolunda çalışmaqdan yorulmadı. Ən son təyyarədə bir yerdə gəlmişdik və yerdə vaxt tapmadığımızdan göydə xeyli söhbətləşmişdik. Xəyalları, gerçəkləşməsi üçün səhhətini heçə saydığı layihələri vardı.. Səmimi insan, dəyərli dost, məkanın cənnət olsun!". 
  Araşdırmaçı-jurnalist Anar Turan da Arye Qutun qəfil ölümündən çox təəssüfləndiyini söyləyib: "Əziz Arye, sən belə gənc yaşda gedəcək insan deyildin. Heyif səndən. Azərbaycanı, azərbaycanlıları çox sevən, hər bir uğurumuza ürəkdən sevinən, İsraildə Azərbaycan adını bütün fəaliyyəti boyu əzmlə, fəxarətlə ucalara qaldıran, erməni lobbisinin təhdidlərinə boyun əyməyən vətənpərvər şəxsiyyət, gözəl dostumuz, dəyərli müsahibimiz, həmsöhbətimiz. Allah sənə rəhmət eləsin".
Jurnalist Tehran Orucoğlu da bir xatirəsini bölüşüb: "Çox təəssüf Arye əmi, çox təəssüf... Bir müddət əvvəl çox uzun-uzun danışdıq. Həyat hekayəsi bir dastandır. Təsəvvür edin, illər öncə həkim deyib ki, 2-3 ay sonra öləcəksən. Sual verdim ki, "həkim dedikləri sizə necə təsir etdi?". "Tehran, mən hələ ölmək istəmirdim, çünki missiyamı tamamlamamışdım. Gördüyün kimi, illər keçir, yaşayıram". Nurlar içərisində yat. Səni unutmayacam..".
  Jurnalist Elşad Miraləm vurğulayıb ki, Arye Qut Azərbaycanın dünyadan, dünyanın Azərbaycandan nə istədiyini bilən azsaylı peşəkarlardan biri idi: "O, yaxşı insan, həqiqi vətənpərvər və etibarlı dost olmaq kimi ağır yükləri eyni anda daşımağı bacaran, Vətəndən uzaqda öz xalqına xidmət etməyin nümunəsini yaradan dəyərli bir şəxsiyyət kimi yaddaşımızda qalacaq. Allah rəhmət eləsin!".