“Azərbaycan və Türkiyə ciddi strateji planlar ortaya qoyur”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edir. XİN başçısı İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısında iştirak edəcək. Görüşdə ümumilikdə TDT üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkələr – Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcəklər.

Toplantını "Sherg.az"a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu türk dövlətlərinin siyasi-iqtisadi inteqrasiyasına hesablanıb:
  
“Türkiyə Türk Dövlətləri Təşkilatını formalaşdırmaqla dünyada yeni bir geosiyasi nizamda öz mövqeyini artırır. Eyni zamanda beynəlxalq güc statusu almağa da çalışır. Bu xüsusda türk dövlətləri birliyinin formalaşdırılması ölkəmizin də milli maraqlarına cavab verir. Hazırda həm Azərbaycan, həm də Türkiyə bu istiqamətdə ciddi strateji planlar ortaya qoyur. Prezident İlham Əliyevin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Asiyaya, türk dövlətlərinə mütəmadi səfərləri artıq bu dövlətlərin ciddi şəkildə təşkilatlandığını deməyə əsas verir. Düşünürəm ki, XİN başçılarının görüşündə yeni siyasi-iqtisadi əlaqələr, çağırışlara hazır olmaq , həmçinin, orta dəhlizin formalaşdırılması , Çindən, Qırğızıstandan keçməklə Xəzər dənizinə qədər yeni dəmir yolunun çəkilişi, hərbi istiqamətdə müqavilələrin bağlanması kimi vacib məsələlər müzakirə olunacaq. Ona görə də TDT üzvlərinin görüşü xüsusi önəm kəsb edir. Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı geosiyasi reallıqlar məhz türk dövlətlərinin dəstəyi ilə daha da möhkəmlənir. Toplantı türk dövlətlərinin vahid mərkəzdə formalaşdırılması prosesini daha da intensivləşdirəcək" .