Qarabağ Zəfəri ölkəmizdə milli birliyi daha da gücləndirdi



 " Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev iki il öncə xalqımızın möhtəşəm qələbəsi ilə yekunlaşan Vətən müharibəsini geniş təhlil etdi. Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Həmçinin ölkəmizə qarşı olan müəyyən dairələrə sərt xəbərdarlıq verdi". Bu sözləri millət vəkili Cavid Osmanov deyib. Deputat bildirib ki, müharibəyə gedən yolun bir çox istiqamətlərdən keçdiyini bildirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın olmasını ən əsas şərt kimi diqqətə çatdırdı: "Müstəqillik əldə edəndə Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınmış və ölkədə güclü iqtisadiyyat yaradılmışdır. Bu gün dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkəmiz azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Prezident ölkəmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığına diqqət çəkdi. Aparılmış uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanıb. Eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılıb. Vətən müharibəsinə qədərki dövrdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul ediblər. Bütün bunlar Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin olub. 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşmanın müsbət olduğunu qeyd edən Prezident bəzi ermənipərəst və Ermənistanla yaxın əlaqələrdə olan ölkələrin Azərbaycana qarşı bəzi siyasi addımlar atmağa çalışdıqlarını xatırladıb. Lakin bu cəhdlər heç bir səmərə verməyib".
  C.Osmanov qeyd edib ki, Prezident Vətən müharibəsində ölkəmizin parlaq Zəfərinin əsasını təşkil edən digər bir amilin milli həmrəylik, xalq-iqtidar birliyi olduğunu öz çıxışında qeyd etdi: "İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda yekdil birlik nümayiş etdirdilər. Bu məsələdə vətənpərvərlik, gənclərin vətənpərvər ruhda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərdir, Vətənə bağlıdır. Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə edilməsində Prezidentin çox mühüm rolu və fəal siyasəti olub. Ümumiyyətlə, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi, bütün bunlar ölkəmizdə aparılan dövlət siyasətinin əsas nəticəsidir. Hazırda Azərbaycanın regionda və dünyada əsas söz sahiblərindən olduğuna diqqət çəkən ölkə başçısı bildirdi ki, bunun üçün müasir dünyanın və bölgənin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir. Azərbaycanın təşəbbüsü ilə icra edilən layihələr bu gün həm ölkəmizə, həm də tərəfdaşlarımıza böyük həcmdə fayda gətirir. Ölkəmizin təşəbbüsü ilə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı artıq onlarladır. Məhz bu layihələr ölkəmizə əlavə maliyyə imkanı yaratdı və bu maliyyə imkanları hərbi potensialın gücləndirilməsinə yönəldildi".
  Millət vəkili bildirib ki, Prezident Ermənistanın 2020-ci ilin 10 noyabr bəyanatına tam əməl etmədiyini, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadığını, Zəngəzur dəhlizinin kordinatlarını hələ də təqdim etmədiyini açıq formada bəyan etdi: "Bu fikirləri qeyd edərək ölkə başçısı Ermənistana sərt xəbərdarlıqlar da verdi. İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Cari ilin 13-14 sentyabr hadisələrini xatırladan ölkə başçısı bu hadisələrin elə-belə baş vermədiyini bildirdi. Dövlət başçısı Ermənistanı öz öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməyə çağırdı. Prezident iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işlərinin görüldüyünə diqqət çəkdi. Ölkə başçısı eyni zamanda, Azərbaycanın öz Ordusunu gücləndirdiyini və gələcəkdə də gücləndirəcəyini bəyan etdi. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Odur ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüquqa əsaslan şərtləri qəbul etməli və bu şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır".