Könüllü gənclər ölkəyə böyük töhfələr verir


Bu fəaliyyətin təbliği və yayılması humanizm və digər mənəvi dəyərləri gücləndirir
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
  Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradıb. Bu tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyükdür. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub. Əsası ümummilli lider tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Ulu öndər Heydər Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirib. Gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkəmizdə Gənclər Günü elan olundu. 2002-ci ildə isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlətin gənclərə göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir. Bu gün də gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) təsdiqi gənclərə dövlət qayğısının artırılmasının göstəricisidir. Həmin sərəncamda gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri bütövlükdə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək, gəncləri daha təşəbbüskar və fəal olmağa təşviq edib. Məhz bu siyasət sayəsində ölkəmizdə yüksək intellektual bacarıqlara, ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərmək əzminə sahib olan gənclər formalaşıb. Azərbaycan gənci istər siyasət, istər iqtisadiyyat, istər mədəniyyət, istər idman, istərsə də hər hansı sahədə özünü doğrulda bilir. Uğurlara imza atır, üzərinə götürdüyü istənilən vəzifənin öhdəsindən layiqincə gəlir. Azərbaycan gənci ölkəmizin bayrağını idman yarışlarında, beynəlxalq miqyaslı tədbirlərdə, platformalarda göyə ucaldır, ölkəmizi layiqincə təmsil edir. Gənclərimiz üzərlərinə düşən öhdəliyi dərindən dərk edir, bunun öhdəsindən də gələ bilir və bunu dəfələrlə təsdiq etdiyi də göz önündədir. Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir və artıq gənclərimiz irimiqyaslı layihələrin icrasından tutmuş, idarəetməyə qədər bütün proseslərdə yaxından iştirak edir. Hətta ölkəmizin gəncləri ictimai proseslərdə yaxından iştirak edir və diqqətə çatdıraq ki, bizdə könüllülük hərəkatı da, onun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Bütün bunlar isə ondan xəbər verir ki, gənclərimizin, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu, eləcə də vətəndaşlıq mövqeyi möhkəmlənib və günü-gündən də möhkəmlənməkdədir.
  Azərbaycan gəncləri vətənpərvər ruhdadır və imza atılan bütün uğurlar bu ruhun, məhz vətənpərvərlik ruhunun məntiqi nəticəsidir. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib" deyən cənab Prezident İlham Əliyev özü də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu hər zaman qiymətləndirib. Xüsusilə, 44 günlük Vətən müharibəsində gənclərimizin necə vətənpərvər olduğu, hansı milli ruha sahib olduğu özünü göstərdi. Bunu təkcə Azərbaycan cəmiyyəti deyil, bütün dünya da gördü. Gördü ki, Azərbaycan gənci bir qarış torpağını düşmənə güzəştə getməz və bunun üçün canından, qanından keçməyə də hər zaman hazırdır. Sözsüz ki, bu qələbədə bütün yaş qruplarından olan vətəndaşlarımızın payı var. Hər kəs bu qələbəmiz üçün, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təminatı üçün, tarixi ədalətin bərpası üçün bütün səy və bacarıqlarını əsirgəmədi. Amma onu da qeyd etmək lazımdır ki, döyüşlər zamanı canından, qanından keçən, bu yolda şəhid olmağı hər şeydən üstün tutan gənclərimiz çoxluq təşkil edirdi. Gənclərimizin, Azərbaycan gənclərinin milli maraqlarımız, dövlətçilik maraqları uğrunda ən ali hissləri özünü bir daha təsdiq etdi. Təsdiq etdi ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvər ruhdadır və dövlətçiliyimizin, milli maraqlarımızın, haqq və hüquqlarımızın keşiyindədir. Bu isə həm də ondan xəbər verir ki, bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, ümumilikdə suverenliyimizi qoruyacaq gənclərimiz var. Gənclərimizin milli ruhu, vətənpərvərlik ruhu onu deməyə əsas verir ki, gənclərimizin bu ruhda olması, əzm və iradəsi gələcəyimizin əmin əllərdə olduğunun təsdiqləyir. Şəhidlik zirvəsi ən ali zirvədir və bu zirvəni qazanan gənclərimiz bizim qürurumuz, xaqımızın fəxridir və onların xatirəsi əbədi olaraq yaddaşımızda yaşayacaq, ehtiramla yad olunacaq. Öz vətəninin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, xalqımızın haqq işi uğrunda mübarizəsi üçün canından keçməyə hazır olan gənclik, milli ruhda, vətənpərvərlik ruhunda olan Azərbaycan gəncləri öz məsuliyyətini, üzərinə düşən öhdəliyi dərk etdiyi görünür və əminliyimiz artır ki, Azərbaycan gələcəyə doğru inamla addımlayır.
  Noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşada təşkil olunan tədbirdə çıxış edərkən bu məqama xüsusi toxundu. Dövlət başçısı bəyan etdi ki, bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olub. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi onun siyasətinin əsas istiqamətlərindən biri idi: "Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi. Eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqlar mənim apardığım siyasət nəticəsində daha sıx birləşdilər. Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir".
  Gənc siyasi ekspert Fuad Heydər "Şərq"ə deyib ki, Prezident, Ali Baş Komandanın apadığı siyasətlərdən ən başlıcası gəncləşmə siyasətidir. F.Heydər bildirib ki, ulu öndərin və cənab Prezidentin dövründə Azərbaycan gəncliyi vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə sadiq olaraq yetişdirilib: "44 günlük Vətən müharibəsində də bunu bariz şəkildə gördük. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi gənclər idi. Vətən müharibəsindəki Qələbə həm də gənclərlə bağlı 25 illik dövrün məntiqi yekunu idi. Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olundu. Ancaq Qələbəmizdə gənclərlə bağlı dövlət siyasətinin rolu təkcə fiziki və mənəvi hazırlıq və vətənpərvərlik işi ilə məhdudlaşmır. Əlbəttə ki, Şuşanın işğaldan azad edilməsi onların vətənpərvərliyinin, yüksək mənəvi və fiziki hazırlığının parlaq nümayişi oldu. Həmçinin burada 21-ci əsrin müharibəsi kimi yüksək texnologiyalar və süni intellektə əsaslanan döyüş vasitələri mühüm rol oynayır. Həmin texnologiya və döyüş vasitələrinin düzgün idarə edilməsi yüksək peşəkarlıq və təhsil tələb edir. Digər tərəfdən isə yüksək təhsilli gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Bu isə gənclərimizin yüksək intellektual və təhsil səviyyəsinə dəlalət edir".
  F.Heydər bəyan edib ki, ölkəmizdə gənclər siyasətindən danışarkən könüllülər hərəkatının inkişafını və geniş vüsət almasını qeyd etməmək olmaz: "Gənclər arasında könüllülük fəaliyyətinin təbliği və yayılması onlarda humanizm və digər mənəvi dəyərləri gücləndirir. Bu fəaliyyət əmək bazarına yeni çıxan gənclərə çox vacib bir təcrübə də qazandırır. Könüllülər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə, o cümlədən idman və musiqi yarışlarına mühüm töhfə veriblər. Beynəlxalq tədbirlərdə iştirak bir tərəfdən onlarda fərqli mədəniyyətlərə mənsub olan insanlarla ünsiyyət vərdişləri aşılayır. Digər tərəfdən isə Azərbaycan xalqının çoxəsrlik tolerantlıq xüsusiyyətlərini əcnəbilərə nümayiş etdirir. Tolerantlıq isə ölkəmizdə dövlət siyasəti elan edilmiş multikulturalizmin əsasında dayanır. Yeri gəlmişkən, multikulturalizm və tolerantlıq Azərbaycanda gənclər arasında xüsusən təbliğ olunur. Bir sözlə, Azərbaycanda cənab İlham Əliyevin rəhbərliyi altında çox düzgün və uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə gəncləri cənab Prezidentimizi sevir və dəstəkləyir".