Bakı Paşinyanın absurd təkliflərini qəbul etməyəcək!


Ermənistan faktiki olaraq Rusiya və Qərbin açıq dəstəyini itirib
  Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə keçirilən görüşdə Bakıya Qarabağ ətrafında "hərbsizləşdirilmiş zona" yaratmağı təklif etdiyini deyib. Baş nazirin sözlərinə görə, bunun nəticəsində Qarabağda "müdafiə ordusuna" ehtiyac qalmaya bilər: "Bu təklif qüvvədə qalmaqda davam edir". Paşinyan bildirib ki, İrəvan eyni təkliflə Ermənistan-Azərbaycan sərhəd zonası ilə bağlı da çıxış edib: "Biz qoşunların sərhəddən 1991-ci ildəki vəziyyətə uyğun qaytarılmasını, üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını təklif etmişik. Dünən biz təklifin yenilənmiş variantını Azərbaycana təqdim etmişik".
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə bildirib ki, regionda son dövrlərdə baş verən prosesləri izlərkən vəziyyətin nədən ibarət olduğunu asanlıqla anlamaq olar. Analitikə görə, Ermənistan faktiki olaraq Rusiya və Qərbin açıq dəstəyini itirib: "Ermənistan tərəfindən bu tipli açıqlamalar gəlməsi gözləniləndir. Nəzərə alaq ki, sülh danışıqları uzunmüddətli proseslərin nəticəsi olaraq baş tutur. Həmçinin, tərəflərdən güclü siyasi iradə və uzaqgörən siyasət tələb olunur. Azərbaycan buna hazır olması barədə dəfələrlə bəyanat verib. Rəsmi Bakı qoyulan şərtlərin yerinə yetrilməsi qarşılığında qısa müddətdə proseslərin başlanmasına təkan verə bilər. Amma Paşinyanın sərgilədiyi ikili mövqe sülhə aparan yox, sülhdən kənarlaşan yoldur. Azərbaycan absurd təklifləri qəbul etməyəcək".
  S.Əsədliyə görə, sülh müqaviləsinin imzalanması Azərbaycan üçün vacibdirsə, Ermənistan üçün daha çox önəmlidir: "Faktiki olaraq məğlub ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökdürür. Ermənistanda istər köhnə, istərsə də yeni hakimiyyətin yürütdüyü məntiqsiz, ədalətsiz və reallıqdan uzaq siyasətin nəticəsidir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla münasibətlərdə heç bir irəliləyiş hiss olunmur. İrəvanın pozucu addımları Ermənistanın küncə sıxılmasına gətirib çıxaracaq".