Nazir deputatlarla razılaşır - Ezamiyyət xərclərinə yenidən baxılmalıdır



  "Gələn ilin büdcəsində ezamiyyət xərcləri üçün ayrılan 22 milyon manat kifayət deyil". Bunu Milli Məclisin dünənki iclasında beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Komitə sədri təklif edib ki, ezamiyyət xərclərinə yenidən baxılsın: "İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq aləmdə cəbhə açılıb. Azərbaycanın mövqelərini daha yaxşı ifadə etmək üçün xaricdə nümayəndələrimiz fəaliyyət göstərirdi. Lakin fəaliyyətimizi artırmaq və daha yüksək səviyyədə təşkil etmək üçün təklif edirəm ki, bununla bağlı xərclərə yenidən baxılsın".
  Deputat Elman Nəsirov da hesab edir ki, ezamiyyət xərclərinin artırılmasına ehtiyac var: “Həmçinin Prezidentin qeyd etdiyi kimi türk dünyası təkcə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən ibarət deyil, kənarda yaşayan soydaşlarımız da var. Onların hüquqlarının müdafiəsi məsələsi il bağlı vəsaitin ayrılmasının da büdcədə öz əksini tapması lap yerinə düşərdi”.
  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, parlamentlə Maliyyə Nazirliyi arasında yaxşı əməkdaşlıq mövcuddur: “Ezamiyyət xərcləri büdcədə kifayət etməyəndə belə bu, işçi qaydada həll edilir. Bizim bu sahədə problemimiz mövcud deyil”.
  Maliyyə naziri Samir Şərifov isə deyib ki, yeni ezamiyyət normaları hazırlanır: "Ezamiyyə xərclərini təkmilləşdirilməsi üzərində isə iş gedir. Daxildə ezamiyyə normaları ilə bağlı məsələ qaldırılmalıdır. Əvvəlki ezamiyyə xərclərinin qəbul edilməsindən xeyli müddət vaxt keçib. İnflyasiya gedir. Ona görə onlara əlavə baxılmasına ehtiyac var. Biz xarici ölkələrin ezamiyyə normalarına da baxırıq və onlardan bəhrələnirik. Bunun əsasında qərarlar qəbul edilən zaman, ola bilsin, xərclər də artırılsın”.