Azərbaycan və BMT-nin qurumu Əməkdaşlığa dair Çərçivə sənədi imzalayıb

Azərbaycan hökuməti ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) rasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Sənəd təşkilatla əməkdaşlığın genişləndirilməsinə və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək", - deyə o, qeyd edib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, sənədi M.Cabbarov və UNİDO-nun baş direktoru Gerd Müller imzalayıblar. Mərasimdə azərbaycanlı nazir UNIDO-nun sənayenin davamlı inkişafının təşviqi istiqamətində tədbirlərinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ölkənin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, ötən ilin martında imzalanmış BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda həyata keçirilən 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası da BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşır. Nazir diqqətə çatdırıb ki, bu gün imzalanan sənəddə ətraf mühit və enerji səmərəliliyi, təmiz istehsal kimi vacib sahələrə üstünlük verilir və bu, ölkəmizin “yaşıl” artım məkanına çevrilməsi prioritetinə uyğundur.

G.Müller isə Azərbaycanın son illər əldə etdiyi uğurları qeyd edib, Çərçivə sənədinin ixtisaslaşmış beynəlxalq qurum - UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycanın sənaye potensialının daha geniş reallaşmasına töhfə verəcəyini vurğulayıb.