Etirazımızın qayəsi budur: “Ekologiya terroruna son qoyulsun!” 

"Aksiya məkanında hər şey qaydasındadır, heç bir problemimiz yoxdur. Azərbaycanın mülki vətəndaşları olaraq sivil qaydada öz etirazımızı bildiririk". 
Bunu "Sherg.az" açıqlamasında Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının məsləhətçisi, gənc siyasi ekspert Fuad Heydər deyib. 
Gənc fəal bildirib ki, etirazımızın qayəsi odur ki, ekologiya terroruna son qoyulsun: 

"Həmçinin, tələb edirik ki, Rusiya sülhməramlıları ekoloqlarımaza "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında monitorinq keçirməyə imkan yaratsınlar. Burada açıq-aşkar təxribat cəhdləri var. Separatçılar iddia edirlər ki, guya azərbaycanlılar Laçın yolunu kəsiblər. 

Halbuki, hamı yaxşı görür ki, yolu kəsən bizlər deyilik. Yolda gediş-gəlişə mane olanlar məhz sülhməramlılardır, onlar yük maşınları, texnikalarla yolu bağlayıblar. 

Biz isə kənarda çadırlar quraraq, öz sivil etiraz aksiyamızı keçiririk. Heç kimə maneçilik törətmirik və qayəmiz odur ki, ekoloqlarımıza da əngəl yaradılmasın. Əsas şüarımız "ekologiya terroruna son qoyulsun". 

F.Heydər təşkilatçılığın yüksək səviyyədə olduğunu da bildirib: 

"Fövqəladə Hallar Nazirliyi iştirakçıları çadırlarla təmin edirlər. Aksiya iştirakçıları yemək, içmək və digər ethiyaclarla dərhal təmin olunurlar. Təhlükəsizliyimiz qorunur, vaxtımız da maraqlı və əyləncəli keçir. Heç bir sıxıntımız yoxdur. Rusiya sülhməramlılarının komandanı A.Volkov etirazçılarla görüşüb, tələblərimizi yerinə yetirərsə, aksiya yekunlaşa bilər".