ABŞ Azərbaycana açıq şəkildə siyasi dəstək verir  - Şərh


Bayden son bir həftə ərzində Prezident İlham Əliyevi iki dəfə təbrik edib

  Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin keçirilməsi ABŞ Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə təbrik məktubları ünvanlaması ilə daha əlamətdar oldu. Bu, Bakı Enerji Həftəsinə beynəlxalq miqyasda diqqətin göstəricisidir. Qərbin aparıcı dövlətlərinin liderlərinin göndərdiyi hər iki məktubda səslənən fikirlər Azərbaycanın dünyanın qlobal təhlükəsizlik, o cümlədən Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı rol oynayan ölkələrdən biri olduğunu təsdiqləyir. Azərbaycanın reallaşdırdığı meqa-layihələr, neft-qaz layihələri hazırkı geosiyasi təlatümlər şəraitində bütün dünya üçün önəmli, əlverişli rol oynayır. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin məktubunda Azərbaycanın təhlükəsiz və təmiz enerji ilə bağlı göstərdiyi səylərin yüksək qiymətləndirilməsi həqiqətən də təqdirəlayiqdir: 

"Yeri gəlmişkən, ABŞ lideri son bir həftə ərzində Azərbaycan Prezidentinə iki dəfə təbrik məktubu ünvanlayıb. Bunların birincisi 28 May – Müstəqillik Günü ilə bağlı olan təbrik məktubudur. Ağ Ev rəhbərinin hər iki məktubunda olduqca mühüm siyasi mesajlar yer alıb. Bayden Azərbaycanın reallaşdırdığı islahatlar prosesində və eləcə də sülh təşəbbüslərində ABŞ-nin Azərbaycanın yanında olacağını diqqətə çatdırıb. Bu da öz növbəsində olduqca önəmli siyasi dəstəkdir. Daha doğrusu, Amerika Birləşmiş Ştatlarının rəhbəri Azərbaycana açıq şəkildə siyasi dəstək nümayiş etdirib. Ümumən, istər Baydenin, istərsə də İngiltərənin Baş naziri R.Sunakın məktubları müsbət qiymətləndirilməlidir. Bakının çoxşaxəli, çevik xarici siyasəti dünya liderlərinin dəstəyini qazanmağa etibarlı zəmin yaradır".