Sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs həbs edildi - YENİLƏNİB

 

Daxili işlər orqanlarından qovulmuş sabiq polis nəfəri ilə bağlı iddialar və görülən tədbirlər açıqlanıb.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, səhər də qeyd edildiyi kimi 6 vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsinə DİN-də cinayət işi başlanılıb:

“Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, orqandan xaric edildikdən sonra vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinir”.

21:09

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki,  həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayət əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib. 

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib. 

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir.