ABŞ-nin  istədiyi sülhə və sabitliyə nail olmaq çətindir  - AKTUAL

"Vaşinqton Nikol Paşinyanın “Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” açıqlamasını yüksək qiymətləndirib. Bu Azərbaycanın maraqlarına tam uyğundur". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib. 

Ekspert bildirib ki, iki ölkə arasında sülh sazişinin əsas bəndi Ermənistanla Azərbaycanın bir-birlərinin ərazi bütövlüklərini tanıması olacaq: 
"Prezident İlham Əliyev Laçında son çıxışında erməni separatçılarına mesaj göndərdi. Mesajın mahiyyəti budur ki, erməni separatçıları tərksilah olunsalar, “parlamentlərini” və “hökumətlərini” buraxsalar, onlar amnistiya oluna bilərlər. Çünki Azərbaycanda erməni separatçılarının lideri Araik Arutunyana qarşı cinayət işi var. Dövlət başçısı İlham Əliyevin amnistiya ilə bağlı açıqlaması Qarabağ erməniləri ilə dialoq imkanlarının da açıq tutulması deməkdir. Ancaq erməni separatçıları ölkə rəhbəri İlham Əliyevin şərtlərini qəbul etmək istəmirlər. Bu olmadığı halda amnistiya reallaşmayacaq. Əksinə Azərbaycan ordusu separatçılara qarşı anti-terror əməliyyatını həyata keçirəcək. Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçməyənə qədər bölgədə Amerikanın istədiyi sülhə və sabitliyə nail olmaq çətindir. Digər tərəfdən Rusiyadakı siyasi və hərbi mərkəzlər separatçılara dəstəklərini davam etdirir. ABŞ-la Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmaq istəyirlər. Bu da sülhə və sabitliyə ən böyük əngəldir".