"Ukrayna yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcək".
Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkəsi bu payız və ya qışda “F-16”ların yerləşdirilməsinə hazır olacaq.
Nazir deyib ki, Kiyev bu döyüş təyyarələrinə texniki qulluq, təmir üçün mühəndis və texniki heyətlə təminat üzrə tərəfdaşları ilə danışıqlar aparacaq.
Açıqlamanı "Sherg.az"a dəyərləndirən Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, "F-16" qırıcıları ABŞ-ın təlimatı ilə Avropa ölkələri tərəfindən Ukraynaya verilir:
"Bu qırıcılara isə hər Avropa ölkəsi sahib deyil. Məsələn, İspaniya rəsmən Kiyevi dəstəklədiyini bəyan edib, ancaq "F-16" ları yoxdur. Almaniya və Niderland kimi təyyarəyə sahib ölkələr isə qırıcını göndərənə kim gec olacaq. Həmçinin istifadə üçün ən azı 3-4 ay Ukrayna pilotlarının təlim keçməsi lazımdır. Yəni Ukraynanın "F-16"lardan istifadəsi təxminən payız və ya qış aylarına təsadüf edəcək".
Analitik sözlərinə görə, Reznikovun özün də baş tutacaq əks-hücum əməliyyatlarından böyük gözləntilərin olmadığını qeyd etmişdi:
"Bu açıqlama isə Ukrayna cəmiyyətinin əks-hücumdan böyük gözləntilərin olmamasına alışdırmağa hesablanıb. Ümumiyyətlə hər tərəf tükənib. Rusiya hücum edə bilmir, Ukraynanı isə gücü yoxdur. Digər tərəfdən NATO-nun silah rezervləri də tükənib artıq. Bu barədə keçən ilin ikinci yarısında Stoltenberq açıqlama vermişdi. O bildirmişdi ki, biz Ukraynaya yardımı öz resurslarımız hesabına edirik. Yəni görünən odur ki, istər hərbi, istərsə də siyasi cəhətdən işlər Kiyevin istədiyi kimi getmir".