Regionda təhlükəsizliyin qarantı: Azərbaycan-Türkiyə-Gürcüstan ən ideal formatdır

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.
Gürcüstan hökumətinin 2022-ci il üzrə hesabatında belə qeyd olunub. Sənəddə üçtərəfli əməkdaşlıq formatının həm də hər üç ölkənin silahlı qüvvələri arasında yaxın əməkdaşlıq əlaqələrinin yaradılmasını hədəflədiyi bildirilib:
“Regional təhlükəsizliyi gücləndirməyi, ümumi hədəflərə və maraqlara effektiv şəkildə nail olunması məqsədilə silahlı qüvvələr arasında yaxın əlaqələr yaratmağı hədəfləyən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurlu şəkildə fəaliyyət göstərir”, - deyə hesabatda qeyd olunub.

Mövzunu şərh edən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, üçtərəfli formatdan Azərbaycan xarici siyasət kursunda çox istifadə edilir:

"Yəni rəsmi Bakı üçtərəfli formatla fərqli region ölkələrini biri-birinə birləşdirir. Bu üçtərəfli formatda isə ən çox iştirak edən dövlətlərdən biri Türkiyədir. Belə ki, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Tüekmənistan və.s tipli formatlar mövcuddur. Bunlarsa uğurlu iş prinsiplərinə əsaslanır. Məsələn Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatı, Xəzər dənizinin statusu və transxəzər qaz kəmərinin çəkilməsində mühim əhəmiyyətə malikdir. Digər tərəfdən Gürcüstanla olan üçtərəfli format, hər üç ölkənin maraqlarına cavab verir. Ümumiyyətlə Gürcüstan rəsmi Bakı üçün xaricə açılan qapıdır. Azərbaycan isə Tbilisi üçün əsas enerji mənbəyi və investorlardan biridir. Ona görə də Azərbaycan və Gürcüstan iqtisadi olaraq biri-birinə bağlıdır. Ankara və Tbilisi arasında da oxşar münasibətlər mövcuddur. Həmçinin Ankara və Bakı da strateji müttəfiqdir".

Analitik əlavə edib ki, hər üç ölkənin təhlükəsizlik məsələlərini birgə həll etməsi tamamilə başadüşüləndir:

"Üstəlik Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatı, təhlükəsizliklə bərabər, iqtisadi əməkdaşlıq, enerji layihələri və nəqliyyat infrastrukturlarında da uğurlu nəticələr qazanır. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın qaz və enerji xətlərinin keçidi, həmçinin Gürcüstan üzərindən Azərbaycanın Türkiyə ilə avtomobil yolu ilə bağlanması üçtərəfli inkişaf üçün kifayət qədər əhəmiyyətli faktorlardır. Əlbəttə Tbilisinin bölgədə siyasi və iqtisadi cəhətdən ən böyük müttəfiqi də Azərbaycanla Türkiyədir. Çünki Ermənistanın Gürcüstana dəstək verəcək  güclü potensialı yoxdur. Rusiyayla isə siyasi münasibətlər gərgindir. Yəni digər ətraf ölkələr baxdıqda, rəsmi Tbilisi üçün ən effektiv iqtisadi-siyasi tərəfdaş Bakı və Ankaradır".