"Ermənistan imzalanacaq sənəddə Azərbaycanın Qarabağda yaşayan ermənilərə aid öhdəliklərinin təsdiq edilməsini istəyir"
ABŞ 12 iyunda Vaşinqtonda Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundunu səbirsizliklə gözləyir. Çünki tərəflər Cənubi Qafqaz regionunun sülhsevər gələcəyə doğru fəaliyyətini davam etdirirlər.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.
“Mən əvvəl də demişəm ki, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif platformalarda, o cümlədən liderlər müstəvisində getməsindən məmnundur”, - o bildirib.
Bir çox məsələlərdə razılığın əldə edilməsi üçün problemlərin yaşandığını deyən sabiq xarici işlər naziri Tofiq Zülfiqarov "Sherg.az"a bildirib ki, Ermənistan imzalanacaq sənəddə Azərbaycanın Qarabağda yaşayan ermənilərə aid öhdəliklərinin təsdiq edilməsini istəyir:
"Bizim qarşımızda duran əsas problem budur. Digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması o demək deyil ki, buna praktik şəkildə əməl olunacaq. Çünki ərazi bütövlüyünün tanınması o zaman tam şəkildə bitəcək ki, delimitasiya və demarkasiya danışıqları sona çatsın. Həmçinin xəttin tanınması da, suverenliyin tam şəkildə tanınması demək deyil.
T.Zülfiqarovun sözlərinə görə, Ermənistan kobud şəkildə Azərbaycanın suveren hüquqlarını pozur və daxili işlərinə müdaxilə edir:
"Məsələn onların dövlət büdcəsində Azərbaycana qarşı fəaliyyət göstərən ünsürlərin maliyyələşdirilməsi haqqında xüsusi bənd var. Yəni demək olar ki, Qarabağda özlərini "parlament və Prezident" adlandıran şəxslər pulu Ermənistandan alır. Bu vəziyyəti praktiki şəkildə dəyişmək lazımdır. İstər Vaşinqton, istərsə də digər formatlarda, məsələ həll edilmədikcə, sülh sazişinin imzalanması real deyil".