Erməni əsirliyində olan iki əsgərimiz azad olunacaq? - Hüquq müdafiəçisi



Danışıqlar prosesində müəyyən pozitiv məqamların olduğu görünür
  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması tərəflər arasında etimadın bərpası prosesinə növbəti zərbədir. Nazir bu hərbçilərin Ermənistan tərəfindən saxlanıldığını və onların barələrində cinayət işinin başlanıldığını xatırladıb: “İlk növbədə qeyd etmək istərdim ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda beynəlxalq vasitəçilər, eləcə də digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin diqqətini bu məsələyə cəlb edirik. Görüşlər zamanı bu faktın daha əvvəl əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndirilməsinin və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsinin vacibliyini gündəmə gətiririk”.
  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Şərq"ə deyib ki, Ermənistanla sülh istiqamətində danışıqlar getdiyi bir dönəmdə yolunu azaraq sərhədi keçən iki əsgərimizin ermənilər tərəfindən saxlanılması, işgəncəyə məruz qalması, saxta ittihamlar irəli sürülməsi tərəflər arasında etimad prosesinin formalaşmasına zərbə vurur. Ekspertin sözlərinə görə, ermənilər hər zaman olduğu kimi yenə öz xislətlərinə uyğun davranır: "Ermənistanın bu davranışı beynəlxalq hüquq normalarına ziddir və əfsuslar olsun ki, bunu davam etdirirlər. Lakin hazırda danışıqlar prosesində müəyyən pozitiv məqamların olduğu görünür. Güman edirəm ki, erməni əsirliyində olan iki gənc əsgərimizin geri qaytarılması istiqamətində də rəsmilərin apardığı danışıqların uğurlu nəticəsi olacaq. Xatırladım ki, bu günlərdə Zəngilan istiqamətində iki erməni diversantı saxlanıldı. Ötən gün Ombudsman Səbinə Əliyeva da erməni hərbçilərlə görüşdü, onların saxlanma şəraiti ilə tanış oldu. Yəqin ki, iki gənc əsgərimizi ermənilərlə dəyişdirəcəyik. Məsələ ondadır ki, erməni tərəfi günahsız azərbaycanlıları saxlayaraq qondarma ittihamlarla məsuliyyətə cəlb edir, sonra Azərbaycan tərəfindən günahı sübuta yetirilmiş erməni təxribatçılarla dəyişdirməyə cəhd göstərirlər. Bu da ermənilərin iç üzüdür, riyakarlığın bariz nümunəsidir. Bütün hallarda dövlətimiz əsirlərimizə laqeyd qalmayacaq və onların geri qaytarılması istiqamətində zəruri addımlar atılacaq".