“İran dünyada özünü yabanı ölkə kimi aparır”

“Yazmışam, demişəm, mübarizə aparmışam”


Tural İrfan: “Ancaq o zaman sanki suyun axarına qarşı üzürdüm, heç kəs razılaşmırdı, İranı "məsum və nurani ağsaqqal" obrazında görürdülər”


  Tarixçi-alim Zaur Əliyev İranla bağlı bir məqamı gündəmə gətirib. Alim bildirib ki, İran Azərbaycanda səfirlik açdığı ilk illərdə səfirlik binasının üzərinə "İran İslam Respublikasının Bakıdakı səfirliyi" sözü yazılmışdı. Tarixçinin sözlərinə görə, neçə dəfə cəhd edilsə də, Tehran rejimi bunu dəyişməyib: "Məktub və müraciətlərimizə cavab verməyən İran səfirliyi əl altından "biz Bakı respublikasındayıq", "Azərbaycanı tanımırıq, bura bizim üçün Şimali İrandır" deyə xəbər göndərirdilər. Onların adamları vasitəsilə xəbər göndərdik: "Tehranda elə aksiya həyata keçirə bilərik ki, İran öz adını təmizə çıxara bilməz". Yüksək səviyyədə işə qarışıldı və İran səfirliyi geri çəkildi. Alimin sözlərinə görə, son 10 ildə İran mediası arabir "Bakı respublikası" sözünü istifadə edirdisə, bir ildir bütün sosial media və platformalarda, KİV-də bu ifadə geniş tirajlanır: "Son iki aya isə artıq təhsil sistemlərində azərbaycanlı şagirdlərə zorla "Azərbaycan" sözünü pozub, "Bakı respublikası" yazmağı öyrədirlər. "Bakı respublikası" sözünü kütləvi şəkildə təhsil, elm və media dilinə gətirirlər. Siyasilər hələ cəhd etmirlər, amma siyasi partiyalara tapşırıq verilib ki, tədricən sənədlərdə "Azərbaycan Respublikası" sözünü "Bakı respublikası" ilə əvəz etsinlər. İran bunu etməklə 40 milyonluq soydaşımızın beynini yumağa cəhd edir. Bu, çox cılız addımlardır. Biz siyasi əxlaq göstərib "İran İslam Respublikası" yazırıq, "Qacar dövləti" yazmırıq. Amma deyəsən, səhv edirik. Daha əxlaq siyasəti kənara qoyulmalıdır".

  Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, İranın Azərbaycan Respublikasına qərəzli və düşmən münasibəti məlumdur. Partiya təmsilçisinin sözlərinə görə, İran, ümumiyyətlə, dünyada özünü yabanı ölkə kimi aparır: "Ruslar buna "dikiy" deyirlər. Yəni qaba, kortəbii, primitiv və dar düşüncəli siyasət yürüdürlər. Üzdə islam maskası geyən fars mollaları əslində Sasani imperiyasının bərpası üçün çalışırlar. Elə hesab edirlər ki, Türküstanın bir hissəsi, həmçinin Azərbaycan da Sasani imperiyasının tərkibinə daxil olmalıdır. O vaxt İran-İraq savaşında İraqı da "İranın əcəm hissəsi" elan etmişdilər. İndi də Azərbaycanı, guya, "İranın tərkibi" hesab edirlər. Başqalarını alçaltmaq istəyirlər, ancaq özləri alçalırlar. Qanmırlar ki, İran adlı dövlət olmayıb. "İran" sözünü Hitler "Ariyan" sözündən götürüb o bölgəyə verib. Tarix boyu o bölgəyə türklər hakim olub. İranın 80 faizində türklər yaşayır, ərazisinin önəmli hissəsi də Azərbaycan torpaqlarıdır. Farslar Azərbaycan adından o qədər qorxurlar ki, adı çəkiləndə yuxuları ərşə çəkilir. Farsların yadına Səlcuqlular, Atabəylər, Əfşarlar düşür. Yadınızdadırsa, Xamanei "Qarabağ Azərbaycan torpağıdır" yox, "Qarabağ islam torpağıdır" demişdi. Onlar islam deyərkən İranı nəzərdə tuturlar. Elə hesab edirlər ki, bütün sünnilər və İrana əks siyasət yürüdənlər "kafir və düşməndir". Ona görə də onlara qarşı istənilən üsulla mübarizə aparmaq olar. Odur ki, terror də daxil olmaqla bütün çirkin yollara əl atırlar".
  Ekspert vurğulayıb ki, İranın Azərbaycanda uzun müddətdir ayətullahları fəaliyyət göstərirdi: "Onlar Bakıda oturub agent toplayırdılar, gizli kitablar paylayırdılar. Səfirlik və mədəniyyət mərkəzi əslində Azərbaycanda böyük bir terrorun, təxribatın təməlini qoyurdu. Təəssüf ki, bizdəki bəzi boşluqlar onların cəmiyyətə təsirinə rəvac verdi. Ölkəmizdən minlərlə gənc onların təsirinə düşdü, bu gün onlar ya agent, ya radikal dinçi, yaxud terror iştirakçısı kimi həbs olunublar. İranın Azərbaycandakı rəsmiləri hər zaman Azərbaycana qarşı təxribat işi aparıblar. Mən bunu 2000-ci ilərdə yazmışam, demişəm, mübarizə aparmışam. Ancaq o zaman sanki suyun axarına qarşı üzürdüm, heç kəs razılaşmırdı, İranı "məsum və nurani ağsaqqal" obrazında görürdülər, "dinin özəyi" sayırdılar. Lakin bu gün dediklərimiz təsdiqini tapır. Hər şeydən öncə İran rəsmilərinə din adamları cavab verməlidir. Sual etməlidirlər ki, nə üçün bizim dövləti tanımırsınız? Nə üçün təxribat edirsiniz, məzhəb nifaqı salaraq xalqı parçalamaq istəyirsiniz? Adekvat cavablar gecikməməlidir. İran ölkədə kök atdı, minlərlə gənci zəhərlədi. Narkotik, zəhərli ideologiya ilə beyinləri yedi".