Laçının təbii ehtiyatlarının həcmi kifayət qədər genişdir

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 

Bu rayonda həm kənd təsərrüfatı, həm də turizmin inkişafı üçün böyük imkanlar var


Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir. Bu iqtisadi rayon - Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edir. Ərazisi 7448 km²-dir. Bölgənin əlvan metallurgiyanın inkişafı üçün potensialı var. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları koral, və s. faydalı qazıntı ehtiyatları mövcuddur. İqtisadi rayon coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Şərqi Zəngəzur iqtisadi rayonunun yeni bölgü əsasında müəyyənləşdirilən ərazisində müxtəlif iqtisadiyyat sahələrinin, o cümlədən sənaye, turizm, kənd təsərrüfatı və aqrar sektorun, ilk növbədə, bitkiçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün böyük təbii və iqtisadi resurslar, həm də potensial var. Düzdür, erməni vandalları və barbarları, xarici havadarlarının dəstəyi və qeyri-qanuni investisiyaları, fəaliyyətləri hesabına Zəngəzurun təbii sərvətlərini talan etməyə nail olublar. 

Lakin əminik ki, tezliklə onlar bu cinayətlərinin bədəlini ödəməyə məcbur olacaqlar. Şərqi Zəngəzur iqtisadi rayonunun ən mühüm yaşayış məskənlərindən biri Laçındır. Laçın rayonu ölkənin gələcək inkişafında, xüsusilə də iqtisadi sferada mühüm rol oynamağa ən böyük namizəddir. Laçın rayonu həm də iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir. Rayonun həm böyük turizm potensialı, həm aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Həmçinin zəngin təbii ehtiyatlara malik olan Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı da davam edir. İyunun 14-də və 19-da növbəti köç karvanları Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Daha 35 ailə doğma yurda dönüşün sevincini yaşayıb. Köçürülən ailələr, əsasən Bakı və Sumqayıt şəhərlərində, həmçinin  Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Strateji xətt onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcıllıqla həyata keçirilir. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da, Laçın şəhərində 57 ailə, yəni 217 nəfərin daimi məskunlaşması təmin edilib. Laçın şəhərinə köçürülmüş sakinlərin işlə təminatı da həll olunmaqdadır. Bu il Şərqi Zəngəzura qayıdacaq sakinlərə dəstək məqsədilə yaradılacaq (qida, sənaye, yaradıcılıq, tədris, turizm, tekstil və digər xidmətlər) müəssisələrdə 1200 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Hazırda 260 nəfər Laçın şəhər sakini təlimlərə cəlb olunaraq işə qəbul olunub. Laçına köçən və işlə bağlı müraciət edən sakinlərə uyğun vakansiyalar təklif olunur və heç bir məhdudiyyət qoyulmur. 

İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb. Bu məqsədlə 2022-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Proqramın əsas hədəf göstəricilərindən biri azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək də Dövlət proqramının əsas məqsədlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün hökumət artıq bir sıra mühüm addımlar atıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən, bu il yanvarın 1-dək işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün agentliyə 1339 müraciət daxil olub. Müraciətlərin əhəmiyyətli hissəsi, yəni 873-ü yerli, 466-sı isə 37 ölkəni əhatə edən xarici müraciətlərdir. Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstandan olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymağa xüsusən maraqlıdırlar. Dövlət tərəfindən müəyyənləşmiş sahibkarlığa dəstək mexanizmləri qısa müddətdə bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin sayını artıracaq.

Millət vəkili Vüqar Bayramov deyib ki, 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilib. Ekspert bildirib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün əlavə 2 milyard 260 milyon manat ayrılıb: "2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılıb. Bu, "Böyük Qayıdış" prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. Laçın Azərbaycan üçün strateji əhəmiyyət daşıyan rayonlardandır. Coğrafi baxımdan strateji üstünlükləri var, iqtisadi baxımdan ölkəmiz üçün vacibdir. Laçın rayonunun həm təbii ehtiyatlarının həcmi, həm də miqyası kifayət qədər genişdir. Bu, Laçında sənaye müəssisələrinin qurulmasına və inkişaf etdirilməsinə imkan yaradır. Digər tərəfdən isə Laçının təbiəti, relyefi və coğrafiyası rayonda fərqli sektorların inkişafına nail olmağa imkan verir. Bu rayonda həm kənd təsərrüfatı, həm də turizmin inkişafı üçün kifayət qədər böyük imkanlar var. Laçın yenidənqurma və bərpa, həmçinin məskunlaşma mərhələsindən sonra nəinki Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın iqtisadi inkişafına xüsusi töhfə verən rayonlardan birinə çevriləcək".