Biləcəridə olan kim, Çavuşoğlu ilə görüşən kim...  - Jurnalistlər necə istirahət edəcəklər?

Yay fəslinin gəlişi ilə bərabər bir çoxunu düşündürən məsələlər sırasında istirahət də yer alır.  

Əksəriyyət məzuniyyət götürüb dincəlmək xəyalı ilə işə gedib-gəlir. Maddi imkanı olan xarici ölkələrə üz tutmaq istəyir, buna gücü yetməyənlər də ya rayonlara gedir, ya da Bakıda, evində dincəlir.
 
Bəs iş rejimi 24 saat olan, daim redaksiyada, tədbirlərdə, hadisə yerində ömür sürən cəfakeş media nümayəndələrinin tətil planları necədir? Görəsən, onlar bu haqda düşünməyə vaxt tapıblarmı?

“Sherg.az” bu suallar ətrafında bir neçə həmkarımız arasında sorğu keçirib. 

Əvvəlcə sualımızı cavablandıran jurnalist Pərviz Hüseyn bildirib ki, hazırda istirahət edəcəyi yer haqda düşünməsə də, böyük ehtimalla qardaş ölkəyə üz tutacaq.
Kulis.az saytının baş redaktoru Ulucay Akif isə sualımıza belə cavablandırıb:
“Bu yayı Biləcəridə keçirəcəm. Düşünürəm ki, Biləcəridən qırağa çıxmaq haqqım yoxdur”.
Jurnalist Kənan Novruzov bildirib ki, bu sahədə istirahətdə də işdən uzaq qalmaq olmur:

“Jurnalistlər üçün istirahət, dinclik şərti anlayışlardır. Biz dünyanın o başına gedib, ən lüks yerlərdə dincəlsək də, istər-istəməz prosesləri, informasiyaları izləməli oluruq. Əks halda  adımız jurnalist olmaz. Mən təxminən iyulun 15-dən sonra məzuniyyətə çıxacağam. Təxminən 10 günlük Türkiyədə - Antalyada olacam. Ondan sonra məzuniyyətimi ölkəmizdə davam  etdirəcəyəm. Ümid edirəm ki, istirahətim səmərəli keçər. Yeni enerji ilə işimə davam edə bilərəm. Onu da qeyd edim ki, qardaş ölkədə Türkiyənin sabiq xarici işlər naziri, Antalyanın deputatı Mövlud Çavuşoğlu ilə görüşmək barədə düşünürəm. Bunu da ona görə deyirəm ki, digər jurnalistlər də eynilə analoji cavablar verə bilərlər. Təsdiq edərlər ki, biz istirahətdə işi də düşünürük. Mən istirahətim müddətində də yenə gündəlik hadisələri izləyəcəm, birbaşa proseslərin içində olacam. Çünki tamamilə uzaqlaşmaq mümkün deyil”.

Gənc jurnalist Aygün Tahir isə tətildə paytaxtdan uzaqlaşmaq istəməyənlər sırasındadır:

“Məzuniyyətə çıxacağım təqdirdə Bakıda olacağam. Bir həftəlik, on günlük işdən uzaqlaşmaq yaxşı təsir göstərir. Yeni mövsümdə edəcəyim dəyişikliklər barədə qərar verəcəm. İşlərin çoxluğuna görə yaxınlarıma çox vaxt ayıra bilmirəm. Əsasən, ailəm və dostlarımla zaman keçirəcəm. Tətil bir göz qırpımında bitəcək”.


Jurnalist Günəş Mərd isə məzuniyyətini fərqli tərzdə keçirəcəyini bildirib:

“Çox güman ki, şiddətli şəkildə ibadətlə məşğul olacam. Bütün inanclı vətəndaşlarımız adından ölkə ərazisində yerləşən pirlərləri, məscidləri bütün müqəddəs ocaqları ziyarət edəcəm ki, Allah səsimi eşib quru sərhədlərini açsın. Müvafiq bəndələr artıq bizi eşitmir. Bəlkə, heç olmasa Allah bu mövzuda səsimizə səs verər”.

Jurnalist Yeganə Bayramova isə bildirib ki, istirahəti evdə dəyərləndirənlər sırasındadır. 
Digər həmkarımız Aləmdə Nəsib isə sualımızı bu sözlərlə cavablandırıb:

“Bu il yay istirahətinə ancaq həftəsonları zaman ayıra biləcəm. Həmin günləri Şamaxı, İsmayıllı və Bakıda keçirəcəm. Açığı, bundan şikayətçi deyiləm. İşdən çox uzaq qalmağı istəmirəm, buna görə həftədə bir-iki gün xəbər bolluğundan bir neçə saatlıq tam uzaqlaşıb dincəlmək bəs edir”.