"Deməzdim ki, Rusiya İranla müttəfiq, dostdur"  - Alparslan İmamqulu

Alparslan İmamqulu: "Rusiya Cənubi Qafqazdakı digər dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərini tənzimləyə bilməsi üçün İrandan istifadə edir"


Bildiyimiz kimi, Rusiyada Moskva yaxınlığında 14-20 avqust tarixlərini əhatə edəcək “Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda İran müxtəlif növ hərbi texnikalarını nümayiş etdirir.

Forumda Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan İran sərgisini ziyarət edib.
Brutyan sərgiyə baxış zamanı İran rəsmiləri ilə söhbətləşib.

“Deyəsən, diplomatik kanallar yeni əsrdə tam olaraq istiqamətini dəyişiblər. Əvvəllər bir çox məsələlər üstüörtülü həyata keçirilirdisə, artıq tərəflər və müttəfiqlər aşkar şəkildə bəyan edilir”. 

Bunları mövzu ilə bağlı “Sherg.az”a  açıqlama verən hərbi ekspert Alparslan İmamqulu deyib. O bildirib ki, xüsusən də Rusiya və Ukrayna arasında baş verən qarşıdurma və bundan sonra dünya dövlətlərinin Ukraynaya olan dəstəkləri, Rusiyaya qarşı müxtəlif istiqamətlərdə tətbiq etdikləri sanksiyalar Rusiyanı öz müttəfiqlərini müəyyən etməsi istiqamətində qətiyyətli adımlar atmağa məcbur edib:

 "Rusiyada keçirilən bu forumda İranın iştirak etməsi bu iki dövlətin dünya dövlətlərinə müttəfiq olduqları ilə bağlı verdikləri diplomatik bir mesajdır. Rusiya bu günlərdə öz tərəfdaşlarının sayını artırmağa çalışır. Çünki Ukraynada etdiyi davranışlarına görə tək qalıb. Bu baxımdan İranla Rusiyanın yaxınlaşmış olması normal olaraq qiymətlənidirilməlidir. Amma mən deməzdim ki, İranla Rusiya tamamilə dost və müttəfiqdilər. Onlar sadəcə olaraq müəyyən ortaq çıxarlar doğrultusunda hazırda müttəfiqlik edilər. Biz yaxın keçmişdə dəfələrlə Rusiya və İranın Cənubi Qafqazda baş verən bir sıra məsələlərdə fikir ayrılıqlarının yaşamasının və qarşı durmalarının şahidi olmuşuq. İran hazırda Rusiya tərəfindən istifadə olunan bir dövlətdir. Rusiya Cənubi Qafqazdakı digər dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərini tənzimləyə bilməsi üçün İrandan istifadə edir".
  
A.İmamqulu, həmçinin forumda Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın İran sərgisini ziyarət etməsini, İran rəsmiləri ilə söhbətləşməsi məsələsinə də toxunub. O vurğulayıb ki, İran bu gün Ermənistanla Rusiyanın  icazə verdiyi qədər yaxınlaşa bilər:

 "Ermənistan Rusiyanın kölgəsi altında olan bir dövlətdir. Onun hər hansı bir ölkə rəsmiləri ilə görüşü tam olaraq Rusiya tərəfindən nəzarət olunur. Bu səbəbdən Ermənistan rəsmisinin İran sərgisini ziyarət etməsini  və söhbətləşməsini iki dövlətin sərbəst şəkildə qərar verərək yaxınlaşması kimi qiymətləndirməməliyik və bu ziyarət önəmli bir mahiyyət kəsb etmir".