"Bu il Azərbaycana gələn turistlərin sayında 37 faiz artım müşahidə edilib. Bu, xüsusən, əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir".
Bu sözləri "Sherg.az"a turizm üzrə ekspert Ceyhun Aşırov ərəb turistlərin marağının Azərbaycana azalmasından danışarkən deyib. O vurğulayıb ki, faizin artması gözlənilən idi, çünki məhz 2023-cü ili mütəxəssislər də turizmin daha çox bərpa olunacağı il kimi qeyd ediblər:
"Pandemiyadan öncəki göstəricilərin 80-90 faizinin bu il bərpa oluna biləcəyi ilə bağlı proqnozlar verilirdi. Amma 37 faiz artım 7 ayın statistik göstəriciləridir. Avqust ayında Körfəz ölkələrindən gələnlərin sayında ümumi artım olsa da, əvvəlki illərlə müqayisədə bu artımın azalacağını görə bilərik. Avropa ölkələrindən Azərbaycana gələnlə isə artıb. Dünyada pandemiyadan sonrakı qapanmalar və qadağaların getdikcə aradan qaldırılması, insanların daha çox ölkələrə səyahət etmək imkanlarının artması faizin də yüksəlməsinə təsir edir. İndiyədək Avropa daxilinə edilən səyahətlər üstünlük təşkil edirdi. Bu gün hətta Azərbaycandan da oraya gedənlərin sayında artım müşahidə edirik. Ümumilikdə Avropa dünyada ən çox turist qəbul edən regiondur. Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmin aktivliyinə müəyyən qədər təsir edir. Lakin hava nəqliyyatı vasitəsilə turistlərin Azərbaycana gəlməsində məhdudiyyət yoxdur. Onlar əvvəlki kimi asan viza əldə edib, rahatlıqla ölkəmizə üz tuturlar. Körfəz ölkələrindən gələnlərin sayının azalmasının əsas səbəbi turistlərin digər turizm destinasiyalarına yayılmasıdır".
Qeyd edək ki, yay aylarında da Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında azalma tendensiyası davam edib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb. Bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.