Maşinist xanım işdən çıxarıldı: "...yaxşı ediblər"  - Jurnalistdən REAKSİYA

"Məşhur bir fikir var: "Qaydalar onları pozmaq üçündür". Amma həmin xanım "Bakı Metropoliteni" QSC-də işləyirdi, maşinist idi. Kifayət qədər məsuliyyətli vəzifə daşıyırdı".

Bunu "Sherg.az"a tanınmış jurnalist Ləman Ələşrəfqızı ilk xanım maşinistin işdən azad edilməsi barədə danışarkən deyib. Onun sözlərinə görə, qatar idarə etmək bir qadın üçün onsuz da çətindir:

"Hətta yayılan xəbərlərə görə, bir neçə dəfə xəbərdarlıq da olunub. İnsan məsuliyyətini dərk etməlidir. O, təkcə özü yox, həm də sərnişinlərin həyatı üçün cavabdehlik daşıyırdı. Məsələyə yanaşma tərzində maşinistin qadın olduğu qabardılmamalıdır. Hər halda qaydanı pozub, cəzalandırıblar, işdən azad olunub. Dəfələrlə xəbərdarlığa rəğmən verilən şansı qiymətləndirməyibsə, o zaman yaxşı ediblər".

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. “Report”un əldə etdiyi məlumat görə, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.