Ermənilərin ərköyünlüyü: Paşinyan ritorikasını dəyişəcək?  - RƏY

Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağın erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını dəstəkləməyə çağırıb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirib:

"Avqustun 31-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı “soyqırım” həyata keçirməkdə təqsirləndirən Ermənistanın Baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəlməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.
"Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndiyə keçidi gözləyir. Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdı. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin “humanitar vəziyyət” ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.
Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hazırda erməni sakinlərin "Laçın" sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.
Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırım, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür.
Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin.
Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək".

Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın həmlələri öz təsirini göstərməkdədir. Azərbaycan öz suvenerliyinə aid məsələləri kiminsə tövsiyəsi ilə həyata keçirtmir:

"Erməni əhalisi şıltaqlıq, ərköyünlük edir. Elə bil qabağına yemək qoyublar, amma bəyənmir, kapriz göstərir. Onsuz da Azərbaycan tərəfi humanitar yardım təklifi edir.  Köməyə ehtiyacları yoxdusa, deməli, bəhanədir. 
Paşinyanın açıqlaması da ənənəsində soyqrımı olan xalqın iradəsini ifadə edir. Türkləri qıran, sonradan  özünə yazıq obrazı yaradan xalqın tərənnümçüsü kimi çıxış edir. Gerçəklik deyil. Azərbaycan tərəfi öz ərazisində suveren hüquqlarını davam etməlidir, başqa prinsipimiz ola bilməz.  Ərazi bizimdir, ordakı insanlara da qayğı göstərməyə hazırıq, təki qayğını qəbul etsinlər. Ərköyünlük edirləsə, biz nə edə bilərik?".

Politoloq İlqar Vəlizadə isə deyib ki, Ermənistanın konstruktiv mövqedən çıxış etməsi üçün Azərbaycan öz ərazilərində reallıqları dəyişib. Belə olmasaydı Paşinyan Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməzdi:

" Çox şey rəsmi Bakıdan aslıdır. Azərbaycan qəti mövqeyini davam etdirsə, seperatçıları regiondan rədd etsək, qeyri-qanuni erməni silahlılarınl tərki silah etsək Paşinyan da ritorikasında dəyişiklik edəcək. 
Ağdam-Xankəndi yolu qismən də olsa, işlək vəziyyətə salınır. Öz gücümüzlə məsələlərin həllini tapmağa çalışırıq. Eyni siyasəti yürütdükcə Paşinyan da məcbur qalıb reallıqlarla barışmalı olacaq".