Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
“AZAL”ın Prezidentinin vəzifəsindən kənarlaşdırılmaslna münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında deyib ki, belə bir dəyişikliyin edilməsi gözlənilən idi:
Prezidentdən tutmuş əhaliyədək şikayətlər olurdu. Maraqlısı odur ki, niyə gec dəyişiklik edildi? Çünki uzun zamandır bu məsələ müzakirə olunurdu. “BUTA”nın və “AZAL”ın birləşməsindən sonra struktur və idarəetmə dəyişikliyi edilməsi gözlənilirdi. “AZAL”da yeni dövrün başlanmasına ehtiyac var. Təkcə kadr yox, idarəetmə sistemində dəyişikliyə ehtiyac var. Yeni rəhbərlik köhnə qaydalarla idarə edəcəksə, insanlar üçün heç nə fərqlənməyəcək. Yeni sistemin qurulması pozitif nəticələr doğura bilər”.