Qeydiyyata alınmayan "Müsavat"da vəziyyət nə yerdədir?  - AÇIQLAMA

Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydiyyata alınması prosesi davam edir.  İndiyədək Vətəndaş Həmrəyliyi Partiyası (VHP), AĞ Partiya,  Ümid Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası,  Milli Dirçəliş Hərəkatı Partiyası,  Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası müsbət cavab alıb.

Sənədlərlə bağlı qüsurlar aşkarlanan “Müsavat” Partiyasının başqan müavini Gülağa Aslanlı “Sherg.az”a bildirib ki, nəticəni gözləyirlər:

“Bizə məlumat verilməyib. Görünən odur ki, sənədlərin yoxlanılması gedir. Müsavat partiyasının da sənədləri yoxlanılır. Biz arxayınıq. Bilirik ki, Müsavat partiyasının sənədləri yerindədir, səliqəlidir, dürüstdür, doğrudur. Bundan sonra qərar vermək hakimiyyətin işidir. Qərarın hakimiyyət tərəfindən verilməsi gözlənilir.  Biz də nəticəni gözləyirik, nəticənin də Müsavatın xeyrinə olacağına əminik”.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.


Yeganə qeydiyyata alınan partiya hakim Yeni Azərbaycan Partiyası olub. Nöqsanlarla bağlı digər partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib.