Son 3 ayda 75 min qeyri-qanuni immiqrant tutulub: TÜRKİYƏ TƏHLÜKƏSİZ ÖLKƏ UĞRUNDA SAVAŞIR

Türkiyə daxili işlər naziri Ali Yerlikaya son 3 ayda 75 mindən çox qeyri-qanuni immiqrantın tutulduğunu bildirib. Qeyri-qanuni immiqrasiya ilə mübarizənin tam sürətlə davam etdiyini deyən Yerlikaya, tətbiq olunan yeni sistemi də açıqlayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu haqda daxili İşlər naziri Ali Yerlikaya Ankarada keçirilən mətbuat konfransında danışıb.

Nazirin çıxışında diqqət çəkən mövzu qeyri-qanuni immiqrasiya ilə mübarizə olub.

Ölkədəki müvəqqəti qoruma statusuna malik mühacirlərin sayının 4 milyon 797 min 593 olduğunu deyən Yerlikaya, onlardan 3 milyon 293 min 934 nəfərinin suriyalı olduğunu bildirib.

Nazir, oturma icazəsi ilə qalanların sayının 1 milyon 213 min 143 olduğunu ifadə edib. O, məlumat verib ki, beynəlxalq mühafizə statusuna malik şəxslərin sayı 296 min 516 nəfərdir.

Son 3 ayda qeyri-qanuni mühacirlərə qarşı 1285 əməliyyat həyata keçirildiyini bildirən nazir, indiyədək tutulan 75 min 442 qeyri-qanuni immiqrantdan 32 min 563-nün deportasiya edildiyini, qalan prosedurların isə davam etdirildiyini bildirib.

Nazir, qeyri-qanuni immiqrantları tutmaq üçün yeni sistem tətbiq etdiklərini qeyd edib.

Yerlikaya, pilot bölgə olaraq seçilən İstanbulda mobil miqrasiya məntəqəsi deyilən vasitələrdən istifadə olunmağa başladığını ifadə edərək, tətbiqi belə izah edib:

"Təhlükəsizlik qüvvələrimiz əcnəbidən şəxsiyyətini soruşur, şəxsiyyətini təqdim edə bilmədikdə, əməkdaşımız onu mobil immiqrasiya məntəqəsinə dəvət edir. İmmiqrasiya üzrə ekspertlərimiz həm barmaq izi sorğusunu aparır, həm də immiqrasiya məlumat bazasından lazımi yoxlamalar aparır. Məlum olarsa ki, o qeyri-qanuni mühacirdir, hüquq-mühafizə qüvvələrimiz tərəfindən repatriasiya mərkəzinə göndərilir. Bu, pilot ərazidir. 20 maşınımız İstanbulun müxtəlif nöqtələrində işləyir. Oktyabrın sonuna qədər bu xidmət sahəyə çıxacaq. 150 maşınla 30 şəhərdə olacağıq”.

Terrorla mübarizə ilə bağlı məlumat verən Yerlikaya bildirib ki, son 90 gündə 37-si bombalı hücum olmaqla 44 terror aktının qarşısı alınıb.

Eyni dövrdə terror təşkilatlarına qarşı 43 min 90 əməliyyat keçirilib və 258 terrorçu zərərsizləşdirilib.

Mütəşəkkil cinayət təşkilatları ilə mübarizəyə toxunan nazir, 92 əməliyyatda saxlanılan 1762 şübhəlidən 430-nun həbs olunduğunu, 203 şübhəli barəsində isə məhkəmə nəzarəti qərarı verildiyini qeyd edib:

"Ölkəmizi dünyanın ən təhlükəsiz ölkəsi edəcəyik".