Günəş enerjisindən istifadə bizi qoruyur

Ekologiya və ətraf mühitin mühafizəsi

Bunun təbiətə, torpağa, havaya heç bir ziyanı yoxdur

  Bərpa olunan enerji mənbələrindən istifadə zərurəti getdikcə artır. Təbii ehtiyatlardan nizamsız istifadə və təbiətə vurulan ziyanlar qlobal iqlim dəyişiklikləri, quraqlıq, su qıtlığı, ümumilikdə ekoloji fəlakətlərlə nəticələndiyindən insan övladının təkrar təbiətə üz tutması, xilasını təbiətdə araması anlaşılandır. 21-ci əsrdə işlək olan “yaşıl enerji”, “Günəş enerjisi”, “külək enerjisi.. kimi ifadələr də bu zərurət fonunda yaranıb. Həm də təkcə ifadə olmaqla kifayətlənilməyib, eyni zamanda onlardan istifadənin yolları, üsulları da düşünülüb və icrasına başlanılıb. 

Qlobal dünyanın bir parçası olan ölkəmizdə də “yaşıl enerji” və bərpa oluna bilən enerjilərdən istifadə gerçəkləşdirilir. Müsbət haldır ki, bu məsələdə beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlıqda maraqlıdır.  Onlardan biri də Asiya İnkişaf Bankıdır. AİB-nin dəstəyi ilə Bakıdakı Böyükşor gölündə 100 kilovatlıq üzən günəş fotoelektrik qurğusunun (FPV) quraşdırılması üzrə pilot layihə həyata keçirilir. Layihə çərçivəsində quraşdırma, yekun yerləşdirmə və bərkitmə üzrə işlər aparılır.

 Layihədə AİB-in tərəfdaşı Azərbaycanın Energetika Nazirliyidir. AİB-dən "Trend"ə bildirilib ki, günəş panelləri ilə üzən adanın yığılması podratçı tərəfindən bu yaxında yekunlaşıb. Layihənin genişləndirilməsi barədə mümkün qərara gəlincə, bu, pilot "FPV" layihəsinin fəaliyyətindən, eləcə də, bütün maraqlı tərəflərlə gələcək müzakirələrdən asılıdır. "AİB Azərbaycan hökumətini "yaşıl enerji" sektorunun inkişafı üzrə səylərində dəstəkləməyin tərəfdarıdır. 100 kilovatlıq pilot "FPV" layihəsi AİB tərəfindən Azərbaycana göstərilən daha geniş texniki yardımın bir hissəsidir. Pilot "FPV" layihəsinə əlavə olaraq texniki yardım, həmçinin texniki-iqtisadi əsaslandırmaların və biznes modellərinin hazırlanmasını əhatə edir ki, bunlar da özəl sektorun kommunal miqyaslı "FPV"nin quraşdırılmasında uzunmüddətli iştirakını təşviq edir. AİB bərpa olunan enerji üzrə bu innovativ texnologiyanı inkişaf etdirməklə Azərbaycan hökumətini aşağıkarbonlu inkişaf səylərində dəstəkləyir", - deyə bankdan bildiriblər. Qeyd edilir ki, "FPV" layihəsi daha ciddi standartlar tələb etsə də, suyun təsiri nəzərə alınarsa, layihə yerüstü fotoelektrik sistemlərlə müqayisədə üstünlüyə malikdir, çünki digər məqsədlər üçün yer tələb etmir və torpaq satın alınması və hazırlanması üçün xərclərə qənaət edir, buxarlanmanı azaltmaqla suya qənaət edir, modulun təmizlənməsi üçün asan əldə edilən suya malikdir və asanlıqla quraşdırılır. "FPV" sistemləri, əsasən, göllərdə, irriqasiya göllərində və su anbarlarında quraşdırılır. Bəzi qurğular dəniz mühitində inşa olunaraq sınaqdan keçirilib.

 Bugünədək AİB Azərbaycanda dövlət sektoru üçün 3,7 milyard ABŞ dolları dəyərində 67 borc, qrant və texniki yardım ayırıb. Azərbaycana kreditlər üzrə toplam ödənişlər 3,96 milyard dollardır. Bunlar mütəmadi və imtiyazlı adi kapital resurslar hesabına maliyyələşdirilib. AİB-in Azərbaycanda cari suveren portfelinə 565,2 milyard dollar dəyərində 1 kredit və 1 suveren təminat daxildir.
  
Qeyd edək ki, həmçinin “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi də həyata keçirilir. Layihə çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi nəzərdə tutulub.  Gələcəkdə su obyektləri üzərində irihəcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır. Layihənin icrası prosesində beynəlxalq məsləhətçi şirkət tərəfindən Azərbaycan ərazisində üzən günəş (FPV) panellərinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb, Coğrafi Məlumat Sisteminə (GIS) əsaslanan metodologiya tətbiq edilməklə su hövzələrinin günəş enerjisi potensialı dəyərləndirilib. 
  
AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, ekoloq alim Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, üzən günəş panellərinin quraşdırılması çox müsbət haldır: 

- Bunun təbiətə, torpağa, havaya heç bir ziyanı yoxdur. Əksinə, təbiətə, təbii enerji resurslarının işlənməsinə, o cümlədən iqtisadiyyata böyük xeyri var. Biz bilməliyik ki, təbii enerji ehtiyatları əbədi deyil, tez-gec – nə vaxtsa onlar tükənəcək. Ona görə də təbii ehtiyatlara qənaət edilsin, torpağın bağrı daha çox dəlinməsin deyə,  “Yaşıl enerji”, bərpaolunan enerjidən istifadəyə üstünlük verməliyik. Dünyada bu təcrübə var. Yaponiya az qala hər məsələdə bərpaolunan enerjidən istifadə edir. Yaponlar üzən günəş panellərini böyük sayda, böyük həcmdə quraşdırıb. Üzən restoranlar da var Yaponiyada. Zaman bizdən bunu tələb edir ki, ən müxtəlif mümkün vasitələrdən istifadə edək. Bu bizə karbohidrogen ehtiyatlarımıza qənaət etmək imkanı verəcək. Hesab edirəm ki, günəş panelləri bölgələrimizdə də quraşdırılmaldıır. Məsələn, Kür-Araz ovalığı bunun üçün münbit bölgədir. Orda həm çox sayda, irili-xırdalı göllər var, həm də orada ilin demək olar 165 günü sırf günəşli günlərdir. Dağ çaylarından da istifadə etmək olar. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. Məlumdur ki, Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125 faizinin istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılıb və inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. 1997-ci il Kioto razılaşmasının protokoluna əsasən, AB və ABŞ-də alternativ enerji mənbələrindən istifadə etmək üçün irimiqyaslı stansiyaların tikintisinə başlanıldı. Hazırda dünyanın 70-ə yaxın dövlətində günəş elektrik stansiyaları fəaliyyət göstərir və yaxın gələcəkdə onların istehsal gücünün artırılması üçün perspektiv layihələr hazırlanıb. Günəş stansiyalarının əsas işçi elementinin (fotoelement) istehsalı üçün yüksək səmərəliliyə malik texnologiyalar yaradılıb və hazırda ABŞ, Almaniya, Yaponiya və Çində istehsal edilir. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Yəni təbii iqlim şəraitinə və coğrafi mövqeyə görə göstəricilər müxtəlif ola bilər. Hazırda Günəş enerjisinin fotoelektrik çevrilmələri dünyada bərpaolunan enerji mənbələrinin ən tez inkişaf edən istiqamətlərindən biridir. Bəzi dövlətlərdə Günəş enerjisindən istifadə artıq bir neçə ildir ki, "70 min günəşli dam", "Milyon dam" və "Yüz min dam" adlanan dövlət proqramları çərçivəsində həyata keçirilir. Dünyada günəş batareyası ilə işləyən ən böyük elektrik stansiyası ABŞ-nin Nevada ştatındadır. Hidroenerji də ekoloji cəhətdən təmiz enerji mənbəyidir və dünyada ən geniş istifadə olunan bərpaedilən enerji mənbəyidir. Hidroenerji çayın və ya digər su hövzəsinin təbii gedişatının dəyişdirilərək yaradılan bəndlərdən və ya axar sudan istifadə etməklə elektrik enerjisinin istehsal edildiyi bərpaolunan enerji mənbəyidir. Hidroenerji daim yenilənə və təkrarlana bilən su dövriyyəsi sisteminə əsaslanır və istehsal edilən enerjinin miqdarı axan suyun sürətindən asılı olaraq dəyişir. Günəş, külək, hidroenerji, bioenerji kimi alternativ enerji vasitələrindən istifadə təbiətin qorunmasında böyük əhəmiyyət daşıyır.