İndi ciddi sual odur ki, Rusiya hərbi kontingenti bu prosesin harasında olacaq? - Siyasi şərhçi 

"Ümid edək ki, Rusiya bundan sonra konstruktiv mövqe tutacaq və prosesin irəli getməsinə mane yox, yardım edəcək”

Sentyabrın 19-da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində baş verən terror hadisələrindən sonra Müdafiə Nazirliyi bölgədə lokal antiterror tədbirlərinə başlayıb. Erməni silahli qüvvələrinin qeyri-qanuni silahlı dəstələrinin  Azərbaycan ərazisində terror-diversita əməlləri törətmək məqsədi ilə gizləndikləri yerlər aşkar edilərək zərərsizləşdirilib.

 Bir gün sonra, 20 sentyabr tarixində  isə erməni separatçıları təslim olduqlarını bəyan ediblər. Bununla da Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin Azərbaycanın konstitusion tələbləri çərçivəsində reinteqrasiyasına başlanılıb. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi  Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alaraq,  dəfələrlə ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa dair çağırış edib. 

Cəmi 24 saat ərzində davam prosesin gedişi və əldə olunan nəticələri dəyərləndirən siyasi şərhçi  Asəf Quliyev “Sherg.az”a açıqlamasında deyib ki, bölgədə  yaranmış situasiya düz 3 ildir ki, Qarabağın erməni icmasına təklif olunur. Bu gün baş verənlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda da göstərilib:


  “Lakin  düz 3 ildir ki, Qarabağın erməni icması bu razılaşmaya əməl etməkdən yayınırdı. Bu isə  sonsuza qədər davam edə bilməzdi. Artıq Qarabağın erməni icması tərkisilah olur, Qarabağın erməni icması Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə dialoqa gedirlər. Və təbii ki, Azərbaycan qanunlarına tabe olacaqları təqdirdə illərlə yaşadıqları evlərinə yaşaya, Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara malik ola bilərlər.  Bütün bunlar qansız, qurbansız ola bilərdi. Amma olmadı. Çünki Qarabağın erməni icması hesab edirdi ki, hansısa bir güc Azərbaycanın iradəsinə təsir edəcək, hansısa bir güc Azərbaycana öz ərazisində qayda-qanun yaratmağa mane olacaq. Son antiterror əməliyyat göstərdi ki, Azərbaycanın iradəsinə təzyiq etmək mümkün deyil. Bir məsələni də qeyd etmək lazımdır ki, sonuncu əməliyyat cəmi 24 saat davam elədi. Cəmi 24 saat. Bu Azərbaycan silahlı qüvvələrinin hazırlığını göstərməklə yanaşı, qarşı tərəfin ruh halının da göstəricisidir”.

Reinteqrasiya məsələsinə gəldikə isə A. Quliyev deyib ki, bu çətin və uzun prosesdir:

 “İndi birgə yaşayış barədə yox, yanaşı yaşayış barədə danışmaq olar.  Oxşar olsa da, fərqli anlayışlardır. Amma zaman birgə yaşayışı da mümkün edə bilər.  Sözsüz ki bu məsələdə müxtəlif faktorlar var. Bu faktorların hər biri ətrafında işləmək lazımdır”.

Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə aparılan dialoqa toxunan siyasi şərhçi deyib ki, indiki halda təmaslar davam edəcək. Bu bir mərhələdir. Silahsızlaşdırma başa çatandan sonra təmasların yeni mərhələsi başlaya bilər: 

“Ola bilər ki, silahsızlaşdırma davam edən müddətdə növbəti mərhələ görüləcək işlər müzakirə olunsun. Növbəti mərhələ isə Qarabağda ermənilər yaşayan ərazilərdə idarəetmə strukturlarının yaradılması olmalıdır. Sözsü ki, Azərbaycan köhnə idarəetmənin ləğvini istəyir. Ona görə də yenisi lazımdır. Əgər hər şey rəvan getsə. Beləliklə problemlər növbəli həll olunmalıdır. Bu məsələdə ən ciddi sual odur ki, Rusiya hərbi kontingenti bu prosesin harasında olacaq? Bu ciddi sualdır. Və hələ ki, qeyri-müəyyəndir. Ümid edək ki, Rusiya bundan sonra konstruktiv mövqe tutacaq və prosesin irəli getməsinə mane yox, yardım edəcək”.