Azərbaycan bütün əngəlləri aradan qaldırdı

Bundan sonra Paşinyan sülh danışıqlarında daha cəsarətli mövqe tuta bilər
  
Son antiterror əməliyyatından sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi də öz həddini bildi, kimin nəyə qadir olduğunu başa düşdü. Prezident İlham Əliyev məhz bu məqamı nəzərdə tutaraq Ermənistan dövlətinin iki-üç gün əzində sərgilədiyi mövqenin ümidlər verdiyini vurğuladı.

 Dövlət başçısı İrəvan hökumətinin siyasi səriştə göstərməsini önəmli amil kimi qiymətləndirdi. Ölkə rəhbəri qeyd etdi ki, baş vermiş hadisələr Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərə bilər: "Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət, sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq".

  Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, antiterror tədbirləri keçirilərkən Ermənistan baş naziri Nikol Paşinyan qəti şəkildə prosesə qarışmayacağını dedi. Bu davranış Azərbaycan Prezidenti tərəfindən müsbət dəyərləndirildi. Ekspertin sözlərinə görə, antiterror tədbirlərinin başa çatması ilə paralel bir sıra məsələlər də gündəlikdən çıxarıldı:

 "Ən əsası Azərbaycan hakimiyyətinin nümayəndələri Qarabağ ermənilərinin təmsilçiləri ilə dialoqa başladı. Əldə olunan razılaşma imkan verdi ki, Ermənistan bundan sonra rahatlıqla bu məsələlərə qarışmasın. Sülh sazişinin əldə olunmasından əsas maneə İrəvanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin qorunması ilə bağlı irəli sürdüyü tələblərdir. Ötəngünkü razılaşmadan sonra Ermənistanın bir az da kənara çəkilməsi üçün kifayət qədər əsas var. Ermənistanla məsləhətləşmədən Qarabağdakı ermənilərin nümayəndələri Azərbaycanla razılığa gəldilər. Paşinyan xüsusi qeyd etdi ki, razılaşmada onların iştirakı olmayıb. Baş nazir sonrakı mərhələdə bunu bəhanə edə bilməyəcək. Hazırda Ermənistanda hökumət əleyhinə aksiyalar keçirilir. Lakin hesab edirəm ki, Paşinyanı devirmək, onu hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmayacaq. 44 günlük müharibədən sonra mümkün olmadı və antiterror tədbirlərindən sonra da imkansız görünür. Əksinə, bundan sonra Paşinyanın əl-qolu bir az da açıla bilər. Sülh danışıqlarında daha cəsarətli mövqe tuta bilər".

  A.Səmədovun qənaətincə, Paşinyan yaxşı bilir ki, onu yıxmaq istəyən qüvvələrin ciddi dəstəyi yoxdur: 

"Onu hakimiyyətdə saxlamaq istəyən dairələr isə cəsarətli addımlar tələb etməlidirlər. İlk növbədə ABŞ və onun müttəfiqləri bunu istəməlidir. Azərbaycan antiterror tədbirlərini keçirməklə sülh sazişinin imzalanmasına mane olan çoxlu məsələləri gündəlikdən çıxartdı. Daha cəsarətli addımlar atmaq mümkündür. Baş nazir gördü ki, Azərbaycanla aparılan danışıqları ləngitməklə çox şeyi itirə bilər. Bu, onun üçün də ciddi xəbərdarlıqdır. Ümid edirik, Paşinyan bu xəbərdarlıqdan nəticə çıxardacaq".