19 sentyabr hadisələri zamanı Azərbaycan mediası öz işini ən yüksək səviyyədə qura bildi

Bu dəfə təcrübə öz sözünü dedi

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

  
Müasir qlobal çağırışlar fonunda informasiya təhlükəsizliyinin təmini hər bir dövlətin arzuolunmaz xarici və daxili təhdidlərdən qorunması, milli mənafelərini qətiyyətlə müdafiə etməsi, diplomatik-siyasi və təbliğati müstəvilərdə üstünlük qazanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Xüsusən də, fövqəladə və ya ekstremal şəraitdə ölkənin təhlükəsizliyinə yönəlmiş məqsədli informasiya manipulyasiyalarının neytrallaşdırılması və ictimai rəyin düzgün istiqamətləndirilməsi son dərəcə zəruridir. Milli informasiya məkanının mühafizəsi məqsədilə məhdudlaşdırılması, qanunvericiliklə zəruri hesab edilən məlumatların əhatə dairəsinin dəqiq müəyyənləşdirilməsi də bu baxımdan xüsusi qeyd olunmalıdır.
  Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatçı və təhrikçi əməllərinin qarşısının alınması üçün lokal xarakterli antiterror tədbirləri aparılıb. Azərbaycanın güc strukturları Ali Baş Komandanın əmri ilə 24 saat ərzində Qarabağda yüksək peşəkarlıq göstərərək ərazilərimizi erməni separatçılardan təmizlədilər.

  Sentyabrın 19-dan 20-dək davam edən antiterror tədbirləri zamanı ölkəmizin informasiya müstəvisində mühüm uğurları ilə yanaşı, bəzi xoşagəlməz xəbərlərin də yayılması hallarına rast gəlinib.
  
Antiterror tədbirləri barədə qeyri-rəsmi mənbələrdən alınmış xəbər və məlumatların KİV və sosial şəbəkələrdə yayılmasının milli maraqlar baxımından yolverilməzliyi barədə maarifləndirici məlumatların və rəsmi xəbərdarlıqların yayılmasına baxmayaraq, bir sıra neqativ hallar müşahidə olunub.
 
 Qeyd edək ki, antiterror tədbiri zamanı Baş Prokurorluq çox sayda şəhidlərimizin olması barədə yalan informasiyalar yayanlara xəbərdarlıq edib.
  
Bildirilib ki, həyata keçirilən antiterror tədbirləri ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilib.

  Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov 20 sentyabr tarixində keçirilən brifinqdə deyib ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur: "Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq.
  
Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək".
 
 Həmin gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektləri və jurnalistlərə çağırış edib. "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistləri dəqiqləşdirilməmiş informasiya yaymamağa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırır”, - məlumatda deyilib.
  
Mətbuat Şurasının müraciətində isə belə deyilib:
- Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə başlanılmış lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzindədir. Jurnalistlərimiz bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirlər. Ancaq müxtəlif sosial şəbəkə profillərində antiterror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər yayılmaqda, fikirlər səslənməkdədir. Belə hallar əvvəllər, xüsusən 44 günlük Vətən müharibəsi zamanı da müşahidə edilib. Eyni zamanda qeyri-rəsmi məzmun daşıyan, bəzən məqsədli şəkildə dövriyyəyə buraxılmış görüntülərin ayrı-ayrı media orqanlarında xəbər kimi təqdimatı, süni ajiotaj yaratmaq meyilləri nəzərə çarpıb.
Azərbaycan Mətbuat Şurası olaraq ölkəmizin media subyektlərini, cəmiyyətə informasiya vermək öhdəliyini öz üzərinə götürmüş ayrı-ayrı şəxsləri, müstəqil jurnalistləri mövcud şəraitin həssaslığını nəzərə almağa çağırırıq. İndiki halda jurnalistika prinsiplərinə ən böyük sadiqlik qeyd edilən videogörüntüləri, eləcə də rəsmi təsdiqini tapmamış bilgiləri yaymamaq və paylaşmamaqdır. Nəzərə alınmalıdır ki, belə halların cəmiyyətdə çaşqınlıq yaratmaq ehtimalı böyükdür.
Ümid edirik ki, Azərbaycanın media cameəsi cəmiyyətimizin informasiya tələbatını qarşılayarkən, sadaladığımız mühüm məqamları nəzərə alacaq, ölkəmizin maraq və mənafelərinin qorunmasına peşəkar səviyyədə çalışacaq.
  Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri, Azərbaycan Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli isə “Sherg.az”a açıqlamasında deyib ki, xırda detalları çıxmaq şərti ilə 19 sentyabrda ermənilərin təxribatçı əməllərinin qarşısının alınması məqsədilə başladılan lokal xarakterli antiterror tədbirləri ərəfəsində Azərbaycan informasiya işi son dərəcə yüksək səviyyədə qurulmuşdu. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin nəzdində İnformasiya Mərkəzinin yaradılması, həm xarici, həm də yerli jurnalistlərin sorğularının intensiv şəkildə cavablandırılması, həmçinin İnformasiya Mərkəzində müvafiq dövlət qurumları ilə jurnalistlərin canlı təmasına şərait yaradılması kimi tədbirlər ümumi işin xeyrinə idi: 

“Xarici KİV-də yayımlanan məlumatlara baxanda görürük ki, daha çox Azərbaycanın müvafiq dövlət qurumlarının, xüsusən də Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin yaydığı informasiyalara istinad olunur. Bu isə antiterror tədbirləri ilə əlaqədar Azərbaycanın informasiya təhlükəsizliyinin düzgün qurulduğunu göstərir. Jurnalistlərin suallarına vaxtında rəsmi cavablar verildiyi üçün ictimai rəyə düzgün informasiyaların ötürülməsinə nail olduq. Baş Prokurorluq, MEDİA və Mətbuat Şurasının xəbərdarlığı, əhalinin dezinformasiyalar, hərbi sirr təşkil edən informasiyaları yaymaqdan çəkinməsi ilə bağlı çağırışlarının da effekti böyük idi. Bu dəfə sosial şəbəkə istifadəçiləri də saxta və dəqiqləşdirilməmiş məlumatların yayılmaması üçün kifayət qədər ehtiyatlı davrandılar, lüzumsuz informasiyaların yayılmasından çəkindilər. Lakin ara-sıra da olsa hərbi sirr təşkil edən və marağımıza uyğun olmayan məlumatların yayılması ilə də rastlaşdıq. Lakin bu informasiyaların çoxunun Azərbaycan dilində yayılmasına baxmayaraq, saxta profillər vasitəsilə düşmən qüvvələr tərəfindən Azərbaycanın sosial şəbəkə seqmentinə ötürülmüş məlumatlardan ibarətdir. Azərbaycandan kənarda yaşayan, bizim “söyüş ruporu” kimi tanıdığımız şəxslərin də bu sahədə fəallığını müşahidə etdik. Bunlar Azərbaycanın yurisdiksiyasından kənarda olduğu üçün onlar barəsində hüquqi ölçü götürmək imkansızdır deyə, onlar da bundan sui-istifadə edərək milli marağımıza zidd olan məlumatları yayırlar”.
 
 M.Ələsgərli hesab edir ki, xoşagəlməz hallar olsa da, sevindirici odur ki, Azərbaycanın sosial media seqmentində üstünlük Azərbaycan əhalisinin əlindədir. Əhalinin isə 50 faizdən çoxunun müxtəlif platformalarda sosial hesabları mövcuddur: “Bu da Azərbaycanın dövlət maraqlarına cavab verən məlumatların yayılması baxımından müsbət tendensiyadır.
  Bir neçə gündür beynəlxalq medianın, nüfuzlu xarici KİV-in də monitorinqini keçirirəm. Müşahidələrimə əsasən, qərəzli yanaşmalar olsa da, Azərbaycan həqiqətlərini dünya əhalisinə çatdıran xarici media orqanlarının sayı kifayət qədər idi. Azərbaycan Prezidentinin sosial media hesablarından paylaşılan fikirlər, eyni zamanda Prezidentin köməkçisi Hikmət Hacıyevin intensiv şəkildə xarici KİV-ə verdiyi müsahibələr də informasiya işinin yaxşı təşkil olunmasına töhfə verdi. Uzun illər Azərbaycanda informasiya işinin xaotik qurulması nəticəsində informasiya cəbhəsində separatçılar üstünlük təşkil edirdi. Bu dəfə isə təcrübə öz sözünü dedi və informasiya təhlükəsizliyimiz yüksək səviyyədə qorundu”.