Vətənə sevgi ana dilindən başlayır

Azərbaycançılıq ideyasının təbliği;

Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması istiqamətində görüləsi işlər çoxdur

Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir.  Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır. Əvvəla ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. 

Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. 
  
Bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətənə bağlılığının olması, dilinin qorunması, millətinin, milli-mənəvi dəyərlərimizin yaşadığı ölkədə təbliğ etməsi vacib amildir. 
  Bunun üçün də  mütləq əksəriyyətin Azərbaycan dilini bilməsi vacib şərtdir. Azərbaycan dövlətindən xaricdə yaşayan azərbaycanlıların, xüsusən də gənclərin və uşaqların ana dilimizdə danışa bilməməsi zaman-zaman problemli məsələ olaraq qaldırılıb. Lakin bu günlərdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihəyə start verilib. 
  
"Ana dili - Azərbaycan məktəbi” layihəsinə bu günədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.
   
Layihənin məqsədi xaricdə doğulan azərbaycanlı uşaqlara ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmaq, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın ən dəyərli mənəvi sərvətimiz olan ana dilimizi öyrənməsini təmin etməkdir. İştirakçılar ana dilində yazmağı, oxumağı, danışmağı öyrənməklə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında da məlumat əldə edə biləcəklər.
  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də "Şərq"ə açıqlamasında Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi "Ana dili-Azərbaycan məktəbi" layihəsini yüksək qiymətləndirib: "Bu gün dünya azərbaycanlılarının əsl hüquq azadlıqlarını, milli kimliyini və müstəqil dövlətçilik tarixini bilməsi və ana vətənə bağlılığı mühüm əhəmiyyət kəsb edir. Milli kimliyi, eləcə də mənəvi dəyərlərimizi özündə əks etdirən dil, din, azərbaycançılıq ideologiyası, vətənpərvəlik, mədəniyyət, adət-ənənələr, musiqimiz, maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdən biridir. 
  
Azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması Azərbaycan diasporunun qarşısında duran prioritet vəzifələrdir. Reallıq göstərir ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli kimliklərini, mədəniyyətimizi, adət və ənənələrimizi, ana dilimizi istənilən səviyyədə qoruya bilmir, eləcə də praktikada tətbiq etmir. Hətta mövcud vəziyyət gələcək nəsillərin adətə-ənənəmizdən, milli-mənəvi dəyərlərimizdən, ana dilimizdən xəbərsiz olacağını deməyə əsas verir. Xarici ölkələrdə apardığımız araşdırmalar zamanı xüsusən gənclərin bütün bunlar haqda məlumatsız olmasını müşahidə etmişik. Təəssüf ki, bu gün xaricdə dünyaya gələn azərbaycanlı gənclərin əksəriyyəti Azərbaycan dilində danışa bilmir. Xaricdəki azərbaycanlı ailələrin böyük əksəriyyətində bu problem yaşanır və onlar bundan ciddi narahatdırlar. Psixoloji olaraq azərbaycanca düşünə bilməyən belə gənclərin mənəvi olaraq Azərbaycanla bağlılığı olmur. Belə olduqda həmin gənclərin Azərbaycan mədəniyyətinə, milli dəyərlərinə və adət-ənənələrinə marağı olmur. Bu, eyni zamanda ikinci nəsil diasporun itməsi təhlükəsindən xəbər verir. Ayrıca, xaricdəki soydaşlarımız arasında ixtilafların yaranması, şəxsi ambisiyaların önə çıxması, həmrəylik və birliyin yaranmasına mənfi təsir edir. Hətta bəzi ölkələrdə bir sıra soydaşlar yad ideologiyaların təsiri altına düşərək neqativ fəaliyyət göstərirlər. Bütün bunlar da dünya azərbaycanlılarının, eləcə də Azərbaycan dövlətinin imicinin aşağı düşməsinə səbəb ola bilər. Bu kimi neqativ halların qarşısının alınması üçün xaricdəki soydaşlarımız arasında milli kimliyin formalaşdırılması, adət-ənənələrimizin, milli dəyərlərimizin, mədəniyyətimizin, dilimizin, vətənpərvərliyin təbliği gücləndirilməlidir. Eyni zamanda xaricdəki azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi möhkəmləndirilməlidir". 
  
F.Hüseynzadə rəhbərlik etdiyi  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin də bir müddətdir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsini həyata keçirdiyini xatırladıb. O deyib ki, bu təbliğatın aparılması ilə müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərini təkmilləşdirmək, Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəsildə ana dili bilgilərinin artırılması, milli maraqların müdafiəsi yolunda real addımların atılmasına çalışırıq.

Filologiya elmləri doktoru, professor Telman Cəfərov  da “Sherg.az”a açıqlamasında deyib ki, azərbaycançılıq ideyasının, Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin və ən əsası Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsi çox vacibdir: “Həm də ki, ölkədə yaşamamaq tamamilə əlaqəni kəsmək deyil. Əksəriyyətinin qohumları, dostları ilə insani əlaqələri, bəzilərinin isə hətta iş əlaqəsi olur. Hətta elə ailələr var ki, uzun illərdir xaricdə yaşamaqlarına rəğmən sonradan müxtəlif səbəblərdən ölkəyə qayıtmalı olurlar. Bu zaman  onların övladları, təhsil, iş məsələsi ortaya çıxır. Lap elə qohumluq əlaqələri üçün də dili bilmələri vacibdir. 
  
Rus bölməsində oxuyanlara “Azərbaycan tarixi”nin dövlət dilində tədrisi planının da kökündə məhz bu dayanır.  Harada yaşamasından, hansı dildə oxumasından asılı olmayaraq hər kəs öz dilini, tarixini doğma dildə, vətəndaşı olduğu, yaşadığı ölkənin dövlət dilində bilməsi vətənpərvərlik və milli düşüncə baxımından zəruridir.

  Lakin əksəriyyət bundan narazıdır ki, “Azərbaycan tarixi” fənnini ana dilində oxuya bilmərik. Halbuki rus ədəbiyyatını tədris etdiyim auditoriyaların birində rus tələbəm var. Soruşdum ki;
- Qızım, Azərbaycan dilində nəsə başa düşürsən? 
Cavab verdi ki;
- Müəllim, mən Azərbaycan dilində əla danışıram. 
Bir az danışdırandan sonra gördüm ki, həqiqətən də yaxşı danışır. Özünə də dedim: 
- Qızım, sən öz dilində danışa bilməyib, rus bölməsində oxuduqlarını bəhanə gətirən azərbaycanlılara nümunəsən. 
  Əgər milli etniklər, ölkəmizdə yaşayan xaricilər  Azərbaycan dilində sərbəst oxuyub danışa bilirsə, rus- ingilis bölmələrində oxuyan azərbaycanlıların tarixini, ədəbiyyatını öz dilində oxumaq istəməməsi çox böyük ayıbdır”.