Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

27 sentyabr qürur günümüzdür


  2020-ci ilin 27 sentyabr günündə Azərbaycan ərazi bütövlüyünün bərpasına başladı. Və 27 sentyabr Ermənistanın və erməni separatçılarının öz havadarlarının hərbi dəstəyi ilə işğal altında saxladığı Qarabağımızın azadlığına aparan yolun başlanğıcı oldu. 27 sentyabrın xronikası 44 günlük Vətən müharibəsinin və Qələbə tariximizin ilk səhifəsi olmaqla sonrakı döyüş əməliyyatlarının uğurunu təmin etdi. Bu gündən etibarən Qələbə tariximizin 44 günlük səhifələri Müzəffər Ali Baş Komandan – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücayəti ilə birər-birər yazıldı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu Vətən müharibəsi otuzillik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
  Vətən müharibəsinin ilk gününün xronikası Böyük Qələbənin müjdəçisi idi: Sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat 6 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat yaydı. Saat 12:00 radələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlətimizin başçısı müraciətində sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutması, mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananların olması barədə məlumat verdi. Azərbaycan Prezidenti Ordumuzun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikalarının sıradan çıxarıldığını bildirdi. Günorta saatlarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Qardaş ölkənin dövlət başçısı Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğuladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını elan etdi. İclasda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı, altı kəndin - Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərinin işğaldan azad edilməsi barədə xalqımıza ilk müjdə verildi. Saat 19 radələrində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzaladı. Saat 18:30 radələrində Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yaydı.
  Ordumuzun döyüş əməliyyatlarının ilk saatlarından inamla irəliləməsi, qəsəbə və kəndləri qısa müddətdə işğaldan azad etməsi qarşıda bizi gözləyən 8 noyabr - ümumxalq sevinci və qürurunun əsası qoyulurdu. Şanlı ordumuz 44 günlük müharibədə doğma Qarabağı düşmən tapdağından azad etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi uğrunda mübarizəsi vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsi idi. Təbii ki, Vətən uğrunda savaşda şəhid verdik, canını Vətənə halal edən döyüşçülərimiz arasında yaralanıb qazilik zirvəsinə ucalanlarımız oldu. Amma biz “Torpaq uğrunda ölən varsa Vətəndir”, şüarını həyat amalı seçmiş xalqıq. Şəhidlər, qazilər əbədi olaraq başımızın tacıdır. Dünən də xalqımız şəhidlərə vəfa borcunu yerinə yetirdi. Azərbaycan dövlətinin qərarı ilə hər il 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir.
  Milli Məclisin deputatı Afət Həsənova şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşağacağını bildirib:

- 27 sentyabr Anım Günü Azərbaycan xalqının iftixar hisslərinin səbəbidir. Xalqımız bu gün 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən, Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsində həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır. Qəhrəman şəhidlərimiz öz həyatlarını Vətəninə qurban verərək xalqımıza bu qələbə sevincini yaşatdılar, 30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdilər. Onlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Eyni zamanda Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman öz qəhrəman övladlarının şücaətini, əzmini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca və əziz tutur. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycan 44 günlük müharibədə dünya hərb tarixində yeni bir səhifə yazdı, müzəffər ordumuz erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlamaqla xalqımıza böyük qələbə sevinci yaşatdı. Əlbəttə ki, bu böyük qələbəyə qəhrəman oğullarımızın canı və qanı bahasına nail olundu. Azərbaycan xalqı daim qəhrəman şəhidlərimizin xatirəsini əziz tutacaq, qəlbində yaşadacaq. Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixinə çevrilib. Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu qələbə təkcə torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda xalqımızın mənəvi qələbəsi, özünəinam və qələbə əzminin özünə qaytarılması ilə nəticələndi. Bu qələbədə xalqımızın hər bir üzvünün öz payı var. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi və nəticədə tarixi Zəfər əldə edərək əzəli torpaqlarımıza qovuşduq. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
  Qeyd etməliyik ki, bu günlərdə Azərbaycan dövlətinin erməni separatçılarına, Qarabağın bəzi ərazilərində gizlənib, terror aktları törədən qanunsuz erməni silahlı qruplaşmalarına qarşı lokal xarakterli antiterror tədbirlərinə başlaması və Vətən müharibəsi tarixinə yeni qələbə səhifələri əlavə etməsi də dövlətimizin və xalqımızın düşmənə bir qarış torpaq güzəştə getməyəcəyinin və Qarabağ iqtisadi rayonunda da konstitusion hüquqlarımızın bərpasında əzmli olduğunun sübutudur. Antiterror tədbirlərində şəhid olanların ruhu qarşısında dərin ehtiramla baş əyirik.