Qara günləri başladı...

Qarabağdan Ermənistana köçən ermənilərə qayğı görünmür

“Çox güman ki, onlar üçüncü ölkələrə getmək məcburiyyətində qalacaqlar”
  Qarabağı tərk edərək Ermənistana getmiş ermənilər öz soydaşları tərəfindən biganə və saymazyana münasibətə məruz qaldıqlarını bildirirlər. Bu iddianı təsdiq edən görüntülər Qarabağın keçmiş sakinləri tərəfindən sosial şəbəkələrdə yayılıb. Deyirlər ki, onlara düz-əməlli nə yemək, nə də su verirlər, sadəcə ad və soyadlarını qeydiyyata alırlar. Həmçinin sərhədi keçən erməni gəncləri dərhal Ermənistan Ordusunda xidmətə cəlb edirlər ki, bu da narazılığa səbəb olur. Xatırladaq ki, Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul edən və xalqımızla dinc yanaşı yaşamağı seçən ermənilərin reinteqrasiyası və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılacaq.
  
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Qarabağdan Ermənistana köç edən ermənilər könüllü şəkildə gedirlər. Ekspertin sözlərinə görə, köçən ermənilərin jurnalistlərə verdiyi açıqlamalar, onların rahat və təhlükəsiz şəkildə Laçın yolu ilə Ermənistana gedişi bunu sübuta yetirir:

 "Azərbaycan tərəfi könüllü surətdə gedən erməniləri zorla, qabaqlarını kəsməklə saxlaya bilməz. Rəsmi Bakı dəfələrlə Qarabağın erməni sakinlərinə çağırışlar edib. Bildirilib ki, onların sosial rifahı, rahat və təhlükəsiz yaşamı üçün bütün zəruri addımları atmağa hazırdır. Əslində ermənilər özləri də bilir ki, Azərbaycan dövləti verdiyi sözləri ən yüksək səviyyədə həyata keçirəcək. Buna rəğmən, biz görürük ki, separatçı rejim özünü buraxsa da, ermənilərin bölgəni tərk etməsi üçün ciddi cəhd göstərir. Ancaq görünən odur ki, Ermənistan hökuməti Qarabağ ermənilərinin ölkəyə, İrəvana doluşmasını istəmir. Ermənistanda Qarabağ ermənilərinə münasibət əvvəldən yaxşı deyil. Onlara ikinci sort erməni kimi baxdıqları üçün olduqca mənfi münasibət sərgiləyirlər. Müəyyən addımlar atılsa da, Ermənistana köçən Qarabağ ermənilərinə davranış fərqli olmayacaq. Çox güman ki, Ermənistana köçənlərin əksəriyyəti üçüncü ölkələrə getmək məcburiyyətində qalacaqlar. İrəvan hökuməti indiki halda erməni köçündən öz siyasi məqsədləri üçün istifadə etməyi planlaşdırır. Hələ də heç bir səbəb olmadan Qarabağı tərk etmək fikrində olan ermənilər seçimi düzgün etməlidir. Anlamalıdırlar ki, onların yaxşı həyat sürməsi ancaq Azərbaycanda mümkündür".